21 Aprel 2021 11:57
16 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Rusiyanın Yaxın Şərqdə möhkəmlənməsinə mane olur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiya müdafiə nazirinin bölgədə baş verən son proseslər haqda səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Cənub Hərbi Dairəsinin döyüş qabiliyyəti NATO-nun bir sıra Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxması səbəbindən artırılır. Şoyqu onu da deyib ki, NATO-nun bu cəhdləri Rusiyanı asimmetrik strateji çəkindirmə tədbirləri görməyə, Cənub Hərbi Dairəsinin gücünü və döyüş qabiliyyətini artırmağa vadar edir. Onun sözlərinə görə, Cənub Hərbi Dairəsinin hissələri və birləşmələri 2020-ci ildə 3200-dən artıq silah və hərbi texnika alıb ki, bu da 70% yenilənmə deməkdir.

Başqa sözlə, Sergey Şoyqu demək istəyib ki, Yaxın Şərqə çıxışımıza NATO mane olur. “NATO” dedikdə Şoyqu, təbii ki, Türkiyəni nəzərdə tutur, amma Rusiya siyasəti üçün xarakterik olan ağ yalan danışmaqdan da əl çəkmir.

Belə ki, əgər Rusiya ordusunun Cənub Hərbi Dairəsinin gücü 2020-ci ildə nə az, nə çox - 3200 yeni silah və texnika hesabına artırılmışdısa, buna hazırlıq ən azı 2019-cu ildən başlamışdı, qərar isə 2018-də verilmişdi. Türkiyə o vaxt hələ Cənubi Qafqazda yox idi, Yaxın Şərqdə isə Rusiya ilə bir çox məsələlərdə tərəfdaşlıq edirdi, ondan “S-400” raket kompleksləri alırdı.

Odur ki, Şoyqunun təxminən bunu demək istədiyini düşünürəm: “Biz Yaxın Şərqə girmək və orda möhkəmlənmək istəyirik, Türkiyə isə buna mane olur.

Bir sual açıq qalır ki, bəs Yaxın Şərqə daxil olmaq üçün bu qədər silah-sursat toplayan Rusiya həmin bölgəyə hansı ərazilərdən keçməklə çatmağı planlaşdırır? Əlbəttə ki, Azərbaycan üzərindən və görünür ki, alınmayan da elə budur. Çünki Azərbaycanı keçdikdən sonra İranla heç bir problem olmamalıdır.

İndi Yaxın Şərqdə İran üçün İsrail və ABŞ təhlükəsi var. Bu təhlükə sovuşduqdan sonra isə Tehran üçün Yaxın Şərqdə ən böyük başağrısı da elə Moskva olacaq. Əlbəttə, ilk növbədə, bu planlar baş tutmalıdır. Amma bunların rahat baş tuta biləcəyi real görünmür. Şoyqunun narahat açıqlamasından belə anlaşılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər