6 May 2021 09:32
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfqanıstan məsələsi bir günlük iş deyil, məncə, tarixi prosesə baxmaq lazımdır. Əfqanıstan dövləti və Yaxın Şərqdəki ölkələrin sərhədləri elə çəkilib ki, bu gün orada milli dövlətlər məsələsi yoxdur. Əksinə, etnik və məzhəb qrupları var. Hər birinin öz vilayəti, imkanları, qüvvələri var. Bu da zamanla maraqlar qarşıdurmasına gətirib çıxarıb. Əfqanıstan moderin demokratik ölkə deyil ki, ABŞ və NATO ordusu oradan çıxdıqdan sonra tərəflər masa arxasında oturub anlaşma əldə etsinlər. Orada pul, güc və imkan öz rolunu oynayacaq”.

Bu sözləri Teleqraf.com-a politoloq Toğrul İsmayıl ABŞ və NATO ordusunun Əfqanıstandan çıxdıqdan sonra yaşanacaq ssenarilər haqda danışarkən deyib.

Onun fikrincə, Əfqanıstanda əvvəllər şah rejimi vardı, amma xarici müdaxilə nəticəsində bu rejim dağıdıldı:

“Sonra SSRİ nəsə qurmaq istədi, alınmadı. ABŞ da Əfqanıstanda nələrsə etməyə çalışdı. Əslində isə süni heç nə baş tutmur. Problemi əfqanlar öz aralarında həll etməlidir. İndi bunun necə olacağına baxmaq lazımdır. Əlbəttə, zorakılıq yolu ilə həll variantı arzuedilən deyil. Əslində isə zorakılıq olmaması üçün xarici güclərin burada maraqlarının da olmaması lazımdır. Ətrafda nə qədər dövlət varsa, ora siyasi təzyiqlər etməlidir. Amma biz görürük ki, hər bir maraqlı ölkə Əfqanıstanda özünə yaxın qüvvələri maliyyələşdirir və dəstəkləyir. Odur ki, Əfqanıstan məsələsinin yaxın gələcəkdə həlli çətin görünür”.


Müəllif: Cavad