10 May 2021 09:58
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada aralarında nüfuzlu generalların yer aldığı bir qrup hərbçi Prezident Emmanueal Makrona ölkədə vətəndaş müharibəsi olacağı və bu vəziyyətdə ordunun nizamı qoruyacağı xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Valeurs Actuelles” jurnalı məlumat yayıb.

Bəyanatda Fransa hökumətinin Əfqanıstan, Mali, Mərkəzi Afrika və digər ölkələrdəki uğursuz siyasətinin çox sayda fransız hərbçisinin ölümünə səbəb olduğu bildirilib. Hərbçilər, eyni zamanda, ölkə daxilindəki irqi və dini ayrı-seçkiliyin artmasının vətəndaş müharibəsini körüklədiyini də diqqətə çatdırıblar.

“Vətəndaş müharibəsi başlayarsa, ordu öz torpaqlarında asayişi və nizamı qoruyacaq, çünki bu ondan tələb ediləcək. Heç kim belə dəhşətli bir vəziyyət istəmir. Təqaüdçü hərbçilər də bunu istəmir. Amma Fransada vətəndaş müharibəsi səssizcə hazırlanır və bunu çox yaxşı bilirsiniz”, - bəyanatda qeyd edilib.

Hərbçilər Makronu, nazirləri, millət vəkilləri və generalları hərəkətə keçməyə çağırıblar.

Qeyd edək ki, aprel ayında da təqaüddə olan hərbçilər Fransa hökumətinə ölkədə vətəndaş müharibəsi xəbərdarlığını etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu