ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəisi, general Kennet Frenklin Makkenzi Yaxın Şərqdə Rusiya üçün yeni imkanlar haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Onun fikrincə, Yaxın Şərq geniş mənada böyük güclər arasında rəqabət zonasıdır.
General qeyd edib ki, ABŞ-ın bölgədəki hərbi varlığını yenidən nəzərdən keçirməsi və onu əhəmiyyətli dərəcədə azaltması Rusiya və Çin tərəfindən istifadə edilə bilən boşluqların meydana çıxmasına səbəb ola bilər:
“Moskva və Pekin ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinin sayının azalmasının silah satışları da daxil olmaqla yeni imkanların yaradılmasına kömək edəcəyini bilirlər”.
Makkenzi ABŞ-ın hələ də Yaxın Şərq dövlətləri üçün prioritet tərəfdaş olaraq qaldığını vurğulayıb.
O, Co Baydenin ABŞ-da hakimiyyət başına keçməsindən sonra Amerikanın xaricdə öz qoşunlarını yenidən yerləşdirməsinə baxdığını və bu il 11 sentyabr tarixinə qədər Əfqanıstandan qüvvələrinin tamamilə çıxarılmasına dair qərar verdiyini də qeyd edib.