ABŞ ordusunun Əfqanıstandan çıxmasından sonra ölkədə hadisələrin hansı istiqamətdə gedəcəyi beynəlxalq aləm tərəfindən yaxından müşahidə edilir.
Teleqraf.com xəbər verir ki, Türkiyənin ABŞ-ın çıxmasından sonra Kabildə yerləşən beynəlxalq hava limanını mühafizə etmək təklifini Taliban rədd edib.
Taliban hərəkatının nümayəndəsi Suhail Şaşeen deyib ki, Türkiyə son 20 ildə NATO qüvvələrinin bir parçası olub:
“Bu səbəbdən də ABŞ-la əldə olunan razılaşmaya əsasən ordu Əfqanıstandan çıxmalıdır. Türkiyə böyük İslam ölkəsidir və Əfqanıstanla tarixi əlaqələrə malikdir. Ölkədə yeni İslam hakimiyyəti qurulduqda Türkiyə ilə yaxın əlaqələrə ümid edirik”.
Taliban hərəkatının bu reaksiyasına ABŞ dərhal münasibət açıqlayıb. ABŞ Dövlət Departamentinin sözçüsü bəyan edib ki, Kabildə diplomatik varlığın davam etməsi üçün bəlli şərtlərin olması vacibdir:
“İşləyən və təhlükəsiz hava limanlarının beynəlxalq mövcudluğu üçün şərt olduğunu qəbul edirik. Bu, Əfqanıstan iqtisadiyyatıfaydalıdır və sərnişinərin rahat gedişi-gəlişi üçündür”.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Kabil hava limanının qoruması üçün prosesə müdaxilə etdiyi açıqlanmışdı. Qeyd edilmişdi ki, hazırda bu məqsədlə Ankara-Vaşinqton xəttində təmaslar mövcuddur. Eyni zamanda mövzuya dair NATO və ABŞ arasında müzakirələr aparılır.
ABŞ rəsmisi “Röyter” agentliyinə deyib ki, Türkiyənin təklifini məmnuniyyətlə qarşılayırlar, amma Ankara çox şey istəyir.