14 İyun 2021 12:59
4 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük yeddilər”ə daxil olan ölkələrin liderləri Böyük Britaniyada müxtəlif mövzuları müzakirə etdilər. Mövzular içərisində iki ölkə “yerini” qorudu - Rusiya və Çin”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Böyük dövlətlərin liderləri əvvəlcə Kremlin siyasətinə baxdılar və Rusiya hakimiyyətinə çağırış etdilər:

“Açıqlamda bu ifadə diqqət çəkdi: “Dağıdıcı siyasətindən əl çək!”. Söhbət Rusiyanın digər dövlətlərin daxili işlərinə qarışmasından tutmuş, insan haqlarının pozulmasına qədər bəndlərdən gedir. “Böyük yeddilər”in xarici işlər nazirləri mayın əvvəlində keçirdikləri görüşdə də Rusiyanın siyasətini geniş şəkildə müzakirə etmişdilər. ABŞ Dövlət katibi Entoni Blinken həmin toplantıda demişdi ki, Rusiyanı məsuliyyətə cəlb etmək lazımdır. Buna baxmayaraq, böyük dövlətlərin liderləri Rusiya ilə stabil əsasda əməkdaşlığı davam etdirəcəklərini də bəyan etdilər: “Biz Rusiya ilə qarşılıqlı maraqlara cavab verən tərəfdaş münasibətləri davam etdirəcəyik”.

Ekspert qeyd edib ki, böyük dövlətlərin liderlərinin müzakirə etdikləri ikinci dövlət Çin oldu:

“Liderlər o qənaətə gəldilər ki, Çinə qarşı ortaq baxışın formalaşdırılması lazımdır. Bu qənaətə təsadüfən gəlinilməyib. Misal üçün ABŞ-ın Çinə qarşı mövqeyi sərt olduğu halda bəzi Avopa dövlətləri Pekinin siyasətinə göz yummağa hazırdılar. Buna görə də ABŞ prezidenti Co Bayden bir daha avropalı həmkarlarına çağırış edərək dedi ki, hamı bir nəfər kimi Çinin anti-demokratik siyasətini tənqid etməlidir: “Hərəkətə keçmək zamanıdır”.

Co Baydenə Böyük Britaniya Baş naziri Boris Conson, Kanada Baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makron dəstək verdilər. Almaniya Kansleri Angela Merkel və İtaliya Baş naziri Mario Draqi və Avropa İttifaqının toplantıda iştirak edən təmsilçiləri Çinlə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyin lazım olduğunu vurğuladılar.

ABŞ Prezidenti Bayden buna cavab olaraq təklif etdi ki, “Böyük yeddilər” Çinin “bir kəmər, bir yol” təşəbbüsünə alternativ proqram hazırlasınlar. Digər tərəfdən Bayden bildirdb ki, dünya ticarətini və texnoloji yeniliklərlə bağlı oyun qaydalarını Çin deyil, ABŞ və Avropa ölkələri müəyyənləşdirməlidirlər. Belə baxanda Vaşinqton artıq üzərinə düşənləri edib. Misal üçün Vaşinqton ABŞ şirkətlərinin bir qisminə Çin şirkətlərinə yatırım qoymağı qadağan edib. Söhbət o Çin şirkətlərindən gedir ki, ABŞ təhlükəsizliyi üçün təhdid yaradır. Vaşinqton “qara siyahıya” 59 şirkəti daxil edib”.

Elxan Şahinoğlu bildirib ki, “Böyük yeddilər” Çini insan haqları pozuntulrına görə də sərt tənqid etdilər:

“Yekdil qərar bu oldu ki, Çin bəşəri dəyərlərə əsaslanan insan hüquqlarını kobudcasına pozur və buna qarşı ortaq mübarizə aparmaq lazımdır. “Böyük yeddilik” ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırdılar. Birgə bəyanatda “Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik” ifadəsi yer aldı. Liderlər bəyanatda uyğurları da unutmadılar.

Pekin “Böyük yeddilər”ə Böyük Britaniyadakı səfirliyi vasitəsilə cavab verdi. Çinin Böyük Britaniyadakı səfirliyi vasitəsilə yaydığı açıqlamada qeyd olundu ki, bir qrup ölkə dünyanın taleyini həll edə bilməz: “Ölkələrin böyüyü kiçiyi olmamalıdır, təmaslarda hamı iştirak etməlidir. Dünyanın taleyini bir neçə ölkənin müəyyənləşdirdiyi zaman geridə qalıb”.

Çin ona görə belə reaksiya verir ki, “Böyük yeddilərin” xaricində ona dəstək verəcək dövlətlər var. Ancaq məsələ burasındadır ki, Pekinin istəyindən asılı olmayaraq “böyük yeddilər”in əllərində təzyiq imkanları var. Doğrudur, Qərbin sanksiya siyasəti bir sıra hallarda nəticə vermir, ancaq hədəf götürülübsə onu zəiflətmək üçün bütün vasitələrdən istifadə olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu