14 İyun 2021 14:56
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Türkiyə prezidentləri – Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş və burada əldə ediləcək razılaşmalar son illərdə iki müttəfiq arasında yaranmış gərginliyi azaldacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada öz nüfuz dairəsini genişləndirən Türkiyə ilə əməkdaşlıq ABŞ-ın yeni administrasiyası üçün mühüm əhəmiyyət kəsb edir:

“Bayden administrasiyasının Ankara ilə yumşalan münasibətləri və bir hərəkəti Türkiyə ilə yanaşı, Azərbaycanla əlaqələrə də yeni dinamika verəcək. Türkiyənin müstəqil siyasət yürütməsi, bir sıra regional məsələlərdə Rusiya ilə birgə hərəkət etməsi Vaşinqtonu ciddi narahat edir. Artıq Bayden bu narahatlığı aradan qaldırmaq üçün Türkiyə ilə münasibətlərdə yeni xətt seçməyə başlayıb. Bura Türkiyənin Əfqanıstandakı hərbi missiyasını artırmaqla yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya, eləcə də Yaxın Şərqdə Ankara ilə birgə hərəkət etmək daxildir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Bayden-Ərdoğan görüşündə bir sıra məsələlərlə bağlı ciddi nəticələr əldə ediləcək:

“Birinci, ABŞ Suriyada YPG terror təşkilatına verdiyi logistik dəstəyi müəyyən qədər dayandıra bilər. İkinci, “F-35” və “S-400”-lərlə bağlı müəyyən razılaşmaya yaxın addımlar atıla bilər. Üçüncü, Cənubi Qafqazla bağlı anlaşmanın əldə edilməsi mümkündür.

Qeyd edim ki, bu, Azərbaycanın da mövqeyini gücləndirən amildir. Dördüncü məsələ Yaxın Şərqlə bağlıdır. ABŞ burada da Türkiyəni də yanına alaraq Rusiyaya qarşı müqavimətini gücləndirmək istəyir. Bu baxımdan, müttəfiqlərin belə bir anlaşmaya gedə biləcəyi istisna deyil. Beşinci, ABŞ Nikol Paşinyanın Ermənistanda hakimiyyətdə qalmasını istəyir. Bu məqsədlə Paşinyanın seçilməsinə üçün dəstək verir.

Bir sözlə, hər iki lider əməkdaşlığı qoruyub saxlamağa çalışacaq. Belə bir səy isə Rusiya-Türkiyə münasibətlərində problemlər yarada bilər. Amma hər iki tərəfin problemləri dərinləşdirməyəcəyini düşünürəm. Rusiya da burada maraqlı deyil. Artıq dünyada yeni reallıq və siyasi nizam formalaşır. Burada Türkiyə də aktiv rol alır. Bayden-Ərdoğan görüşü iki ölkə arasında “buzları” əridəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər