Almaniya Kansleri Angela Merkelin ABŞ səfəri davam edir.
Teleqraf.com xəbər verir ki, iki ildən sonra Vaşinqtona gedən Merkel ABŞ Prezidenti Co Baydenlə müzakirələr aparıb.
Daha sonra tərəflərin birgə keçirdiyi mətbuat konfransı zamanı aydın olub ki, xanım Kansler Merkel Rusiya, Çin və Əfqanıstan məsələsində Amerika siyasəti ilə birgədir.
Mətbuat konfransı zamanı Bayden iki ölkə arasında münasibətlərin güclü olduğunu və daha da güclənəcəyini elan edib.
Avropa Birliyi və qurumlarının dəstəklənməsi mövzusunda razılaşdıqlarını bildirən Bayden hər iki dövlətin Ukraynanın ərazi bütövlüyü mövzusunda qərarlı olduğunu dilə gətirib.
Bayden Almaniya və Rusiya arasında inşası aparılan “Şimal Axını 2” boru xətti ilə bağlı Merkellə müzakirələr apardığını ifadə edib. Bildirib ki, Rusiyanın enerji qaynaqlarından silah kimi istifadəsinə imkan verilməməsi mövzusunda Merkellə anlaşıb: “NATO müttəfiqlərimizlə birlikdə Rusiyanın aqressiv davranışlarına qarşı dayanacağıq”.
Kansler Merkel isə deyib ki, indi problemlərin həlli üçün eyni düşüncələri paylaşırıq: “Dəyərlərimizə inanmaq və bunları Vaşinqton Deklarasiyasında dilə gətirmək çox önəmlidir”.
Bir sıra məsələlərdə ortaq mövqelərinin olduğunu dilə gətirən Merkel COVID-19 mövzusunda eyni cür düşündüklərini, ABŞ-ın qlobal istiləşmə mövzusunda göstərdiyi dəstəyə görə, təşəkkürünü bildirib.
Alman lider eyni zamanda Ukraynanın ərazi bütövlüyünə inancı olduğunu deyərək Minsk mərhələsində bağlı qalacaqlarını söyləyib.
Çin məsələsinə toxunan Merkel deyib ki, Çinlə bağlı insan haqları mövzusunda davranışlarla həmfikir deyillər.
Əfqanıstanda terrorla mübarizə apardıqlarını ifadə edən Kansler təəssüflə bildirib ki, bütün cəhdlərə baxmayaraq Əfqanıstan arzuedilən nöqtəyə gətirilməyib.