14 Avqust 2021 20:00
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq təşkilatlar tərəfindən Suriya və İraqda bir çox müharibə cinayəti törətdiyi müəyyən edilən “Həşd əş-Şaabi”nin bir qolu - İranın dəstəklədiyi terror təşkilatı “Ən-Nücəba Hərəkatı” video yayaraq Türkiyəni təhdid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, videonun yayımlanmasından sonra Türkiyə Silahlı Qüvvələrinin Mosula aid Zəlixan şəhərindəki bazasına minaatanlarla hücum olunub.

Hücumun “Ən-Nücəba” tərəfindən həyata keçirildiyini bildirən iraqlı jurnalist Rasan Rəmzi qeyd edib:

“İraq kəşfiyyatı avqustun 6-da türk şirkətləri, hərbi nöqtələr və ölkədəki diplomatik mərkəzlərə hücum edilə biləcəyi ilə bağlı bir xəbərdarlıq etmişdi. “Ən-Nücəba” bu hücumun məsuliyyətini üzərinə götürdü. Bundan sonra Türkiyə hərbi hava qüvvələri bölgədəki onlarla nöqtəni bombaladı”.

Qəzet bildirib ki, İraqda Mosul, Diyalə, Suriyada Hama, Hums, Deyr əz-Zor və Hələb qırğınlarında fəal rol alan təşkilat İran İnqilab Keşikçiləri Qvardiyasından (SEPAH) dəstək alır və bu ölkənin dini rəhbərliyinə bağlı Əkrəm əl-Kabi tərəfindən idarə olunur:

“Türkiyənin Liviya, Suriya və İraqdakı antiterror əməliyyatlarınə “işğalçılıq” adlandıran terror təşkilatı İran, İraq, Pakistan və Bəhreyn kimi müxtəlif ölkələrdən olan silahlılardan ibarətdir. Türk analitiklər “Ən-Nücəbanın” hədəsinin “Tehran” kimi oxunmasının lazım olduğunu deyirlər. Yaxın Şərq mütəxəssisi Sərhad Ərkmən bu qruplaşmanın bundan əvvəl İdlib və Afrin bölgələrində türk əsgərlərinə hücum etdiyini xatırladıb.

“Bu nöqtədə təşkilatı yox, İranı görməliyik və hadisəni Tehranın Türkiyənin son zamanlar güclənməsi ilə bağlı narahatlığı çərçivəsində həll etməliyik”, - mütəxəssis bildirib.

Nəşr qeyd edib ki, Səddam Hüseyndən sonra İran İraqda təsiredici gücə çevrilə bilmişdi:

“Tehran illərdir İraq, Suriya və Yəməndə ”Boz zona” strategiyası həyata keçirir. Bu məqsədlə qurduğu silahlı qruplaşmalardan da istifadə edir. “Ən-Nücəba” və digərləri bu kimi addımları İranın əmri ilə atırlar. Çünki inanclarına görə, mərci-təqlidin (Xameneyi) xəbəri olmadan bir söz deyə və ya bir addım ata bilməzlər”.

Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər