Almaniya Kansleri Angela Merkel Əfqanıstanda 20 ildə qazanılan uğurları qorumaq üçün beynəlxalq birliyin Talibanla dialoq qurması lazım olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, kansler parlamentdə Almaniyanın Əfqanıstanda təxliyə əməliyyatları ilə bağlı danışıb.
“Əfqanıstanda son 20 ilin qazanclarını qorumaq üçün Talibanla dialoq davam etməlidir. Bu, beynəlxalq ictimaiyyətin Talibanla danışmasının lazım olduğu bir məsələdir”, - Merkel bildirib.
Əfqanıstanın yenidən terroru qidalandıran bir məkana çevrilmək riski altında olduğunu qeyd edib Merkel bu ölkədə Taliban həqiqətinin qəbul edilməsinin çətin olduğunu, ancaq bu reallıqla işləmək məcburiyyətində olduqlarını vurğulayıb.
Onun sözlərinə görə, Əfqanıstanda ehtiyacı olan insanlara və qonşu ölkələrdəki qaçqınlara dəstək olmaq lazımdır. Almaniya kansleri bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiyini bildirib.
Əfqanıstandan təxliyə əməliyyatlarını mümkün olduğu qədər davam etdirəcəklərini vurğulayan Merkel qaçqınlar üçün 600 milyon avro ayırdıqlarını açıqlayıb.