Bu ilin yanvar ayında “Amerika geri dönür” şüarı ilə NATO daxilində gərginləşmiş münasibətləri bərpa edəcəyini və yaxşılaşdıracağını vəd edən ABŞ Prezidenti Co Bayden Əfqanıstan fiaskosu ilə avropalı müttəfiqlərini bir daha yarı yolda qoyub.
Teleqraf.com xəbər verir ki, Bayden G7-nin zirvəsində müttəfiqlərinin Əfqanıstandan son çıxış tarixinin (31 avqust) uzadılması təklifini rədd edərək, bu məsələnin müzakirəsi üçün qapıları bağlayıb.
Zirvədən sonra bir açıqlama verən ABŞ prezidenti Kabildən təxliyə əməliyyatının ayın 31-də bitəcəyini deyib. Bundan əvvəl müttəfiqləri ilə məsləhətləşmədən Əfqanıstandan çəkilmə qərarı verən Vaşinqton bir daha Avropadakı müttəfiqlərinin maraqlarını nəzərə almadığını göstərib.
O, G7 sammitindən sonra verdiyi açıqlamada avqustun 31-dək təxliyə əməliyyatlarının bitə biləcəyini söyləyib: “Nə qədər tez bitərsə, bir o qədər yaxşıdır”.
Prezident inadkarlığını “artan terror və hücum təhlükəsi” ilə əlaqələndirib.
CNN kanalına danışan bir avropalı diplomat Amerikanı Avropada böhran yaratmaqda ittiham edib. O, Baydenin Əfqanıstanla bağlı tələbləri qulaq ardına vurmasına bu reaksiyanı verib: “Amerika Suriyadakı siyasətini dəyişəndə ABŞ-da yox, Avropada böhran yaratdı”.
İngiltərənin Vaşinqtondakı keçmiş səfiri Lord Renvik də Amerika liderinə öz etirazını bildirib: “Bayden geri çəkilmə qərarı ilə nüfuzu və irsini həmişəlik zədələdi”.
Zirvədən sonra Baydenin yarı yolda qoyduğu Avropa ölkələri Türkiyə, Çin və Rusiyanın da daxil olduğu G20-nin qapısını döymək məcburiyyətində qalıb. İtaliya baş naziri G20-nin rəhbəri Mario Draqi vasitəsilə edilən müraciətdə bildirib: “Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Türkiyə və Hindistan kimi ölkələri özündə birləşdirən G20 bu imkanlara sahib olmaq baxımından son dərəcə əhəmiyyətlidir. Əfqanıstanda baş verənlərə nəzarət G7-yə kömək edə bilər”.
Digər tərəfdən, Almaniya, İngiltərə və Fransanın verdiyi açıqlamalarda Əfqanıstandan təxliyə işlərinin ən geci həftənin sonuna qədər bitməsinin planlaşdırıldığı qeyd edilib.
Amerika liderinin addımı Avropanın nüfuzlu nəşrlərində “Bayden müttəfiqlərini satdı” başlığı ilə manşetlərə çıxarılıb.