ABŞ-ın Kabil hava limanı yaxınlarında yeni terror hücumu ola biləcəyi haqda xəbərdarlığından saatlar sonra hava limanına hücum hazırlığında olan İŞİD-in “Horasan” qanadının kamikadzesini hədəfə alan əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələri (CENTKOM) Komandanlığı məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, ABŞ qüvvələri dron vasitəsilə Kabildə hücum həyata keçirib. Hücum nəticəsində hava limanında terrora hazırlaşan İŞİD-in “Horasan” qrupunun təhdidi ortadan qaldırılıb.
CENTKOM bildirib ki, çox miqdarda partlayıcı maddə olan avtomobil dronla vurulub və bu zaman ikinci partlayış yaranıb.
Əfqan mediası bildirir ki, əməliyyat zamanı yaxınlıqdakı evdə 3-ü uşaq olmaqla, azı 6 nəfər həyatını itirib.
Taliban sözçüsü Bilal Kərim isə ABŞ-ın bu hücumunu qınayıb. Sözçü deyib ki, ABŞ əməliyyatdan öncə Talibana bilgi verməyə borcludur: “Başqalarının torpaqlarında əməliyyat aparmaq düzgün deyil”.