Əfqanıstan müharibəsində öldürülən ilk amerikalı olduğu düşünülən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) zabiti Mayk Spann başına iki atəş açıldıqdan sonra ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Tobi Hardenin “Birinci təsadüf: CIA-nın qisas missiyasının izah edilməmiş hekayəsi” adlı yeni kitabında bildirilib.
32 yaşlı Spann 2001-ci ilin noyabrında Əfqanıstanın şimalındakı Canqi qalasında əsir saxlanılan Taliban üzvləri ilə qarşıdurma zamanı ölüb. Uzun müddət onun ölümünün səbəbləri məlum olmayıb. İndiyədək onun döyülərək öldürüldüyü ehtimalı gündəmdə olub. Başqa bir versiyaya görə, ona vəhşicəsinə işgəncə verilib, sonra ayaqlarından və boynundan güllə ilə vurulub. Spannın qohumları onun ABŞ Hərbi Hava Qüvvələrinin Talibanın mövqelərinə endirilən hava zərbələri zamanı öldüyünü deyirdilər.
Yeni kitab zabitin ölümünün fərqli səbəbini göstərir. Beləliklə, Spannın qalıqlarını araşdıran bir hərbi patoloq onun başından iki güllə ilə öldürüldüyünü bildirib. İddiaya görə, ilk atəş yaxın məsafədən açılıb. Tapançanın lüləsi amerikalının sağ gicgahına qoyulub. Güllə başın içindən keşərək soldan çıxıb.
İkinci atəş daha böyük məsafədən açılıb, güllənin yenə də başa dəydiyi bildirilib. Güllənin başın sağ alın nahiyəsinə girərək arxadan çıxdığı güman edilir.
Spannın müqavimət göstərdiyini göstərə biləcək heç qırıq və ya zədə aşkarlanmayıb. Amma zabitin kürəyində çoxlu xəsarətlər də görülüb. Patoloqa görə, bunlar Spannın ölümündən sonra Canqiyə edilən hava zərbələri nəticəsində olub.
Kitabda qeyd edilib ki, Spann taliblərin qiyamının ilk dəqiqələrində ölüb. Məhbuslardan birinin dediyinə görə, ona zərbə endirərək yerə yıxıblar. Zabit silahını ələ keçirməyə çalışan bir neçə talib tərəfindən yerə yıxılmadan əvvəl “Qlok 17” tipli tapançasını çıxarmağı bacarıb, bir və ya iki atəş açıb. Sonda Spannın hücum edənlərdən biri tərəfindən öz tapançasından vurulduğu güman edilir.
Məzari-Şərif şəhərinin yaxınlığında yerləşən Canqi qalasında üsyan 2001-ci il noyabrın 25-də başlayıb, 5 gün davam edib. Üsyan ABŞ aviasiyasının kütləvi hava dəstəyi ilə tank və qumbaraatandan istifadə edilərək yatırılıb. Olaylar zamanı 600-ə qədər insan öldürülüb.