Beynəlxalq Sülh Günü, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib
Professor qeyd edib ki, Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır: “Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Məhz bu gündə həmin zəng çalınaraq döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir”.
Millət vəkili söyləyib ki, sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq deməkdir: “Arzum budur ki bütün dünya Sülh əmin-amanlıq içərisində yaşasın!”.