23 Sentyabr 2021 15:05
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin sentyabrın 29-da Soçidə görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüşün İdlibdə gərginliyin artmasından sonra baş tutması diqqət çəkir.

Məlum olduğu kimi, Putin ötən həftə Moskvada Suriya Prezidenti Bəşər Əsədi qəbul edib. Bu görüşdə Rusiya liderinin ad çəkmədən “xarici silahlı qüvvələr” deyərək Türkiyənin Suriyadakı hərbi varlığını hədəf alması belə bir görüşün keçirilməsi əhəmiyyətini daha da artırdı.

Əsəd və Putinin birgə bəyanatları İdlibdəki gərginliyi daha da artırdı. Hərbi ekspertlər, Rusiya və Əsəd ordusunun İdlibə hücum etməyə hazırlaşdığını, ötən il martın 5-də Ankara və Moskva arasında imzalanmış atəşkəs anlaşmasının pozula biləcəyini iddia edirlər.

Türkiyə isə artıq mövcud olan qaçqın yükünün daha da artacağından və mümkün qırğınlardan narahatdır.

Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bu məsələyə diqqət çəkib: “Suriya böhranında insan ləyaqətini qoruyan ölkə olaraq, yeni qaçqın dalğalarını qarşılamağa nə imkanımız, nə də dözümümüz var”.

Suriya Xarici işlər naziri Fəysal Mikdad Rusiyanın “Sputnik” xəbər agentliyinə Türkiyənin Suriyada hərbi varlığı ilə bağlı açıqlama verib.

Mikdad Türkiyənin varlığını hüquqlarının kobud şəkildə pozulması olaraq gördükləri üçün türk hərbçilərinin mübahisəli bölgələri tərk etməsinin lazım olduğunu söyləyib.

Gələn həftə keçiriləcək Türkiyə-Rusiya-İran danışıqlarından əvvəl Türkiyənin bölgəyə əlavə hərbi qüvvə göndərməsindən sonra verilən açıqlamada Mikdad İdlibdə gərginliyin artmasına görə Ankaranı ittiham edib.

Türkiyəni “işğalçılıq”da günahlandıran nazir öz açıqlamasında skandala imza atıb:

“İdlib bölgəsindəki gərginliyin əsas səbəbi türk işğalı və Türkiyənin oradakı qruplaşmalara dəstəyidir. Türkiyə dərhal geri çəkilməli və beynəlxalq ictimaiyyət Suriyanın şimalındakı işğal edilmiş torpaqları azad etmək səylərinə dəstək verməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər