Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tamar Beruçaşvilini xarici işlər naziri təyin edib. Trend-in məlumatına görə, bunu İ.Qaribaşvili xüsusi brifinqdə deyib.
T.Beruçaşvili buna qədər xarici işlər nazirinin müavini vəfizəsini icra edib. Xanım T.Beruçaşvili uzun illərdir Xarici İşlər Nazirliyində çalışır. O, daha əvvəl Avropaya inteqrasiya üzrə dövlət nazirinin müavini də işləyib.
T.Beruçaşvili sabiq xarici işlər naziri Maya Pancikidze ilə birlikdə istefa vermişdi, lakin Baş nazirlə şəxsi söhbətdən sonra nazir vəzifəsini icra edən qismində qayıtmışdı.
Baş nazir əlavə edib ki, yeni nazir Gürcüstanın Aİ və NATO-ya üzv olmasının qızğın tərəfdarıdır və bundan sonra da bu istiqamətdə maksimum səy göstərəcək: "Avropaya can atmağımız şübhə altına salına bilməz və əminəm ki, Beruçaşvilinin peşəkarlığı bu istiqamətdə güclü addım atmağımıza imkan verəcək. Üstəlik, o, 22 ildir Gürcüstanın Aİ-yə üzv olması istiqamətində çalışır".
Yeni nazir Aİ-yə daxil olmağı Gürcüstanda "ekzistensial" seçim adlandırıb və bu yolda maksimum səy göstərəcəyini vəd edib: "Hökumətin dəstəyi yeni mərhələni reallaşdırmağa imkan verəcək".