20 Oktyabr 2021 11:33
3 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK və "Həşd əş-Şaabi" terror təşkilatları İraqın Sincar bölgəsindən Suriyaya silah-sursat və yaraqlılarını göndərməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, mülki maşınlar və 25-30 nəfərlik qruplarla sərhədi keçən İran tərəfindən dəstəklənən “Həşd əş-Şaabi” və PKK terror təşkilatlarının silahlılarının sayı 1500-ü ötüb:

“Türkiyənin Suriyada artan terror fəaliyyətindən sonra verdiyi əməliyyat açıqlaması PKK və “Həşd əş-Şaabi”ni hərəkətə keçirib. İraq və Suriyada müttəfiq olan hər iki təşkilat PKK-nın işğalı altında olan İraqın sərhəd bölgəsi Sincardan silahlıları və döyüş sursatlarını Suriyaya göndərməyə başlayıb. Sərhədi keçən “Həşd əş-Şaabi” və PKK yaraqlılarının sayı 1500-ü ötüb.

İraqın təhlükəsizlik mənbələri Sincarda toplanan PKK və “Həşd əş-Şaabi” yaraqlılarının mülki pikap və mikroavtobuslarla Suriyaya getdiklərini bildirib. Baaçda toplanan terrorçular daha sonra Mezruka, Mücəmmaat Cüreyfi yolları ilə sərhədə daşınır. İraq Türkmən Cəbhəsinin keçmiş nümayəndəsi Hazım Dövlət PKK və “Həşd əş-Şaabi” silahlılarının maneəsiz hərəkət etdiklərini deyib.

Bölgəyə cavabdeh olan İraq ordusunun generalı Əbdülcabbar Tayi regiondakı qanunsuz keçidlərə nəzarət etmədiklərini və İraq-Suriya xətti boyunca təhlükəsizliyi təmin etmək üçün təhlükəsizlik dəhlizinin qurulmasının lazım olduğunu söyləyib”.

Türk nəşri bildirib ki, terrorçular Suriyanın Təl-Rıfat bölgəsinə daşınır:

“İranın dəstəklədiyi silahlılar isə Nübbul və Zəhra qəsəbələrinə aparılır. İraqın təhlükəsizlik rəsmisi Sincardan Təl-Rıfata qədər olan konvoylarda çoxlu sayda ağır silah və raketlərin aparıldığını bildirib”.


Müəllif: Mənsur Rəğbətoğlu