6 Noyabr 2021 10:28
3 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Efiopiyadakı vətəndaşlarına müraciət edərək, bu ölkəni ən qısa vaxtda tərk etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyənin Əddis Əbəbədəki səfirliyi açıqlama yayıb.

“Biz Efiopiyada olan Səudiyyə Ərəbistanı vətəndaşlarını çox diqqətli olmağa və Efiopiya Respublikasını ən qısa vaxtda tərk etməyə çağırırıq”, - açıqlamada deyilib.

Bu çağırışın Efiopiyadakı mövcud şərait nəzərə alınaraq edildiyi vurğulanıb.

2020-ci ilin noyabr ayından Efiopiya ordusuna qarşı döyüşən qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) bu yaxınlarda Oromo Azadlıq Ordusu ilə müttəfiqlik anlaşması əldə edib və paytaxt Əddis Əbəbəyə doğru hücumlarını artırıb.

Efiopiya hökuməti TPLF-nin hücumları səbəbilə noyabrın 2-də fövqəladə vəziyyət elan edib, Əddis Əbəbəyə mümkün hücumlara qarşı müdafiə əməliyyat qrupları yaradıb.

Ağır toqquşmalardan sonra Amxara əyalətinin Dessi və Kombolça şəhərlərini ələ keçirən TPLF qüvvələrinin paytaxtdan təxminən 350 kilometr uzaqlıqda olduğu bildirilir.

Son bir ildə ölkənin şimalında baş verən toqquşmalar təxminən 2.5 milyon insanı məcburi köçkün vəziyyətinə salıb və regionda 5 milyondan çox insanın yardıma ehtiyacı olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər