Müharibədən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, böhranların bitmədiyi Balkanda bir-birinin ardınca yaşanan gərginlik süni savaş narahatlığına səbəb olub. Kosovo və Serbiya arasında avtomobil nömrəsi narazılığı ilə başlayan və Serb muxtar respublikasının lideri Dodikin Bosniya və Herseqovinada “yeni ordu” quracağı açıqlaması ilə davam edən gərginlik getdikcə artır.
Teleqraf.com xəbər verir ki, Kosovo Baş naziri Albin Kurti Serbiyanın odla oynadığını, həm ölkəsinin, həm də Bosniya və Herseqovinanın müharibə təhlükəsi altında olduğunu bildirib.
Kurti Serbiya hökumətinin Qərbi yeni Balkan müharibəsi ilə hədələdiyini deyib.
Baş nazir Serbiya Prezidenti Aleksandr Vuçiçi özünü İkinci Dünya Müharibəsindəki Nasist Almaniyası kimi aparmaqda ittiham edib. Onun fikrincə, Qərb onu ciddi qəbul etmədiyi təqdirdə Kosovo və Bosniyadakı gərginlik daha da artacaq.
Serbiyanın Avropanı güzəştlər üçün təhdid etdiyini qeyd edən Kurti bildirib: “Deyirlər ki, bizi razı salmasanız, Almaniyanın keçmişdə etdiyini sizə qarşı təkrarlaya bilərik. Son illərdə Serbiyada hərbi xərclərin hansı həcmdə artmasına baxın. Bütün bu silahları nə üçün alırlar? Mən bunu çox sakit deyirəm, xəbərdarlığım emosional deyil, rasional təhlilə əsaslanır. Məncə, vəziyyət əvvəlkindən daha təhlükəlidir”.
Serbiya sentyabr ayında Kosovo sərhədinə qoşun yeridib və ötən ay ölkənin şimalında serb etirazçılar Kosovo polisi ilə toqquşub.
BMT-nin Bosniyadakı ali nümayəndəsi Kristian Şmidt bir neçə gün əvvəl 1995-ci ildə imzalanmış Dayton sülh sazişinin pozulmağa yaxın olduğu barədə xəbərdarlıq edib. Şmidt bildirib ki, serb separatçılarının ordu yaratmağa hazırlaşması ilə Bosniya müharibədən sonrakı dövrün ən böyük ekzistensial təhlükəsi ilə üz-üzə qalıb.
Kosovo Daxili İşlər Nazirliyi sentyabrın 20-də verdiyi açıqlamada ölkə sərhədlərini keçmək istəyən Serbiya nömrəli avtomobillərin buraxılmayacağını və ölkəyə girən avtomobillərə müvəqqəti Kosovo nömrələrinin veriləcəyini açıqlayıb. Serbiya Kosovonun nömrə qərarına çox sərt reaksiya verib və ordu birləşmələrini sərhəddə yerləşdirib.