12 Noyabr 2021 21:43
3 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov NATO-nun Qara dənizdəki davranışlarının Rusiya ordusu və donanmasının gücünü sınamaq cəhdi olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, səfir bunun vaxt və güc itkisi olduğunu deyib.

Antonov ABŞ Dövlət katibi Entoni Blinken və Ukrayna Xarici işlər naziri Dmitri Kuleba arasında keçirilən görüşdən sonra verdiyi açıqlamada qeyd edib:

“Vaşinqtonda keçirilən bu görüşün Qara dənizdə gərginliyin kəskin şəkildə artması ilə eyni vaxta təsadüf etməsi narahatedicidir. NATO-nun dəniz və hava qüvvələri ordumuzun və donanmamızın gücünü sınayır. Bu, vaxt və güc itkisidir”.

Vaşinqtonun Kiyevi silahlandırmaq planlarının Donbasdakı gərginliyi azaltmağa kömək etmədiyini söyləyən Antonov bu cür addımların Ukraynanın cənub-şərqində vəziyyəti daha da gərginləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Kiyevə silah tədarükü planları Ukraynanın cənub-şərqindəki vəziyyəti daha da gərginləşdirəcək. İnanırıq ki, Kiyevi müharibəni dayandırmağa məcbur etmək üçün daha bir fürsət əldən verilib”.

Tərəflər arasında imzalanmış müqavilənin “zərərli şüarlar silsiləsi” olduğunu deyən səfir vurğulayıb: “Bəllidir ki, əsas diqqət mərkəzi gərginliyi azaltmaq yox, vəziyyəti daha da gərginləşdirməkdir. Bundan başqa, demək olar ki, anlaşmanın hər cümləsində Rusiya ilə qarşıdurmaya yönəlmiş geosiyasi xətt var”.

Rusiyalı diplomat vurğulayıb ki, Vaşinqtonun Kiyevi NATO-da görmək planı Moskva üçün qəbuledilməzdir.

Ukrayna xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti dünən Vaşinqtonda olub və iki ölkə arasında yeni strateji tərəfdaşlıq sazişi imzalanıb. Görüş zamanı Blinken ABŞ-ın Kiyevə hərbi yardım, o cümlədən döyüş silahları göstərməyə davam edəcəyinə söz verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər