Çin dövlət başçısı Si Cinpin amerikalı həmkarı Co Baydenə Tayvanı müstəqil olmağa təşviq etməyin “odla oynamaq” olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Pekin-Vaşinqton xəttində münasibətlər gərgin olsa da, Bayden və Cinpin videoformatda görüş keçirib.
Tayvanın müstəqilliyini dəstəkləməkdən danışan Si Cinpin söyləyib: “Belə davranışlar odla oynamaq kimi çox təhlükəlidir. Kim oynasa, yanacaq”.
Görüşlə bağlı Ağ Evin açıqlamasında isə deyilib:
“Prezident Bayden status-kvonu dəyişdirəcək və ya Tayvan boğazında sabitliyi pozacaq birtərəfli addımlara qəti şəkildə qarşıdır”.
Tayvanla bağlı sərt bəyanatlara baxmayaraq, liderlər görüşün əvvəlində bir-birlərini səmimi qarşılayıblar. Cinpin deyib ki, o, “köhnə dostu” Baydeni görməkdən xoşbəxtdir.
İki liderin həmişə bir-biri ilə çox dürüst ünsiyyət qurduğunu qeyd edən Bayden isə bildirib: “Masadan qalxdığınız zaman qarşı tərəfin nə düşündüyü ilə bağlı beyninizdə sual işarəsi qalmır”.