20 Noyabr 2021 10:49
3 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, görüşdə Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, bəzi regional məsələlərin də müzakirə edildiyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin görüş haqda açıqlamasında qeyd edilib ki, Lavrov Çavuşoğluna Ukrayna rəhbərliyinin Qərbdən olan tərəfdaşlarının təşviqi ilə ölkənin cənub-şərqində gərginliyi artırdığını deyib. Lavrovun fikrincə, bu, bölgədə sabitliyi təhlükəli şəkildə poza bilər.

Rusiya XİN-in açıqlamasına görə, Lavrov həmkarına Ukrayna və Türkiyə arasındakı hərbi-texniki əməkdaşlıqla bağlı narahatlıqlarının mümkün qədər ciddi şəkildə müzakirə edilməli olduğunu söyləyib.

Bildirilib ki, Ukrayna ilə Türkiyə arasındakı hərbi-texniki əməkdaşlıq Ukraynanın “militarlaşmasına” töhfə verir.

Kiyev Türkiyədən “Bayraktar TB2” tipli silahlı pilotsuz uçuş aparatları alıb və oktyabrın əvvəlində öz ərazisində bu PUA-ları istehsal edəcək zavod inşa edəcəyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələri ötən ay “Bayraktar”ın Donbasda rus separatçıların haubitsasını vurması ilə bağlı görüntüləri yayımlayıb. Bu, Rusiya tərəfindən etirazla qarşılanıb.

Çavuşoğlu isə G-20 çərçivəsində Romada Lavrovla keçirdiyi görüşdə Ukraynanın istifadə etdiyi PUA-larla bağlı tənqidlərə cavab verib və bu vasitələrin Türkiyədə istehsal olunduğunu, amma bunların Ukrayna tərəfindən istifadə edildiyini deyib. O, Lavrovun diqqətinə çatdırıb ki, buna görə Türkiyəni ittiham etmək olmaz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər