ABŞ-ın Müdafiə naziri Lloyd Ostin İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani və Bəhreyn vəliəhdi Salman bin Həməd bin İsa əl-Xəlifə ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, Ostin hər il Bəhreynin paytaxtı Manamada keçirilən “Manama dialoqu” çərçivəsində müxtəlif görüşlər keçirib.
Pentaqon rəhbəri Məsrur Bərzani ilə görüşündə İŞİD terror təşkilatı ilə mübarizəyə verdikləri töhfəyə görə təşəkkür edib.
Lloyd Ostin iraqlı həmkarı Cuma İnad Sadunla da görüşüb. Görüşdə ABŞ hərbi qüvvələrinin İraqdakı missiyasının növbəti addımı, İŞİD-lə mübarizədə İraq ordusuna yardım və kəşfiyyat məlumatlarının mübadiləsi müzakirə edilib.
Salman bin Həməd bin İsa əl-Xəlifə ilə də görüşən Ostin iki ölkə arasında əməkdaşlıq, o cümlədən dəniz təhlükəsizliyi və regional əməkdaşlıq məsələlərini müzakirə edib.