16 Noyabr 2014 08:58
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Brisben şəhərində keçirilən G20 zirvəsində liderlərin Ukrayna böhranı səbəbi ilə Rusiyanı sərt şəkildə tənqid etməsi Rusiya Prezidenti Vladimir Putini çətinə salıb.


Axar.az xəbər verir ki, Putin ikitərəfli görüşlərdə Ukrayna problemi ilə bağlı Rusiyanın düzgün addım atdığını izah etməyə çalışsa da onu eşidən olmayıb. Putinə "soyuq duş" effekti öncə Kanada Baş naziri Stefan Harperdən gəlib. Baş nazir Putinlə görüşər-görüşməz “Sizin əlinizi sıxıram, ancaq sizə bir şey söyləmək istəyirəm. Ukraynadan çıxmanız lazımdır“, - deyib. Əvəzində isə Putin “Təəssüf ki, bunu edə bilməyəcəyik. Çünki biz orada deyilik”, - cavabını verib.


Putinin canını sıxan digər bir atmaca isə ABŞ Prezidenti Barak Obamadan gəlib. Obama Rusiyanı Ebola virusu ilə müqayisə edib.


Almaniya kansleri Angela Merkel də Putinin kefinə soğan doğrayıb. Merkel Avropa Birliyinin (AB) Rusiyaya qarşı yeni sanksiyalar düşündüyünü, yaxın vaxtlarda irəliləyiş olmayacağı təqdirdə bu sanksiyaların işə düşəcəyini deyib.


Putini Avstraliyada ukraynalı etirazçıların qarşılaması, İngiltərə Baş naziri Devid Kemeronun bütün nitqini Ukraynaya həsr etməsi zirvə görüşünün gərgin keçdiyinə əsas verir.


Bütün bu tənqidlərin qarşısında Putin də səssiz qalmayıb.


Almaniya televiziyasına verdiyi açıqlamada ölkəsinin Ukrayna hökumətinin müxalifəti və rəqiblərini yox etməyinə imkan verməyəcəyini deyib.


Daha sonra Putin Fransa Prezidenti Fransua Ollandla görüşüb. Görüş zamanı Putin Fransa neft şirkəti “Total”ın prezidenti Kristof de Marjerin faciəli ölümünə görə Ollanda başsağlığı verib.


Fransız həmkarı ilə də Ukrayna problemi ətrafında gərgin müzakirələr aparan Putin nədənsə Fransanın verməli olduğu gəmilərdən söz açmayıb.


Bu ilki G20 zirvəsinin Rusiya üçün həddindən ziyadə gərgin keçdiyi barədə yayılan xəbərlərə Kremldən cavab gəlib.


Kreml sözçüsü Dmitri Peskov Putinin zirvə toplantısını yarımçıq qoyaraq Rusiyaya qayıdacağı barədə yayılan iddialara cavab verib:


“Bu cəfəngiyatdır. Putin sabah keçiriləcək toplantılardan sonra Rusiyaya qayıdacaq. Düzdür, görüş zamanı tez-tez Ukrayna mövzusu müzakirə olundu. Bu normal və adi bir prosedurdur. Ancaq kiminsə təzyiq etdiyini deyə bilmərəm”.


Müəllif:

Oxşar xəbərlər