1990-cı illərdə Rusiya hökumətində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları işləyirdilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının iclasında deyib.
“2000-ci illərin əvvəllərində mən artıq hamısını təmizlədim, lakin 1990-cı illərin ortalarında onlar müşavir, Rusiya hökumətinin rəsmi əməkdaşı qismində bizdə otururdular. Sonra məlum oldu ki, onlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olub”, - deyə RİA Novosti Putindən sitat gətirir.
RF Prezidenti bildirib ki, daha sonra onlar Rusiyada işləyərkən “özəlləşdirmədə iştirak edərək Amerika qanunlarını pozduqlarına” görə ABŞ-da cinayət məsuliyyətinə cəlb olunublar. Putin bu əməkdaşların adlarını açıqlamayıb.
2013-cü ilin aprelində birbaşa xətt zamanı Putin demişdi ki, özəlləşdirmə dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin zabitləri Anatoli Çubaysın (1990-cı illərin əvvəllərində o, Dövlət Əmlak Komitəsinə rəhbərlik edib və Rusiyada özəlləşdirmə prosesini kurasiya edən baş nazirin müavini olub) çevrəsində çalışıb.
“ABŞ-a qayıtdıqdan sonra onlar öz ölkələrinin qanunlarını pozaraq Rusiya Federasiyasında özəlləşdirmə zamanı varlandıqları üçün məhkəməyə verilib. Və onların vəzifədə olan kəşfiyyat zabitləri kimi buna hüququ yox idi. ABŞ daxili qanunlarına görə, onlara hər hansı kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan idi, lakin onlar özlərini saxlaya bilmədilər – korrupsiya, başa düşürsünüz”, - deyə RF Prezidenti həmin vaxt demişdi.
RİA Novosti mənbəyə istinadən bildirir ki, Putin Rusiya hökumətinin özəlləşdirmə məsələləri üzrə məsləhətçiləri olan Andrey Şleyfer və Conatan Heyi nəzərdə tuta bilərdi. 1990-cı illərin sonunda ABŞ-da onlar qanunsuz varlanmada ittiham edilib. İstintaqın məlumatına görə, Şleyfer və Hey məsələhətçi fəaliyyəti ilə yanaşı, ABŞ-ın korrupsiya qanunları ilə qadağan edilən investisiyalarla da məşğul olublar. 2005-ci ildə məhkəmə Şleyferi 28,5 milyon dollar cərimə edib.
A.Çubays 2013-cü ildə demişdi ki, Putinin bəyanatından əvvəl o, ətrafında MKİ agentləri ilə bağlı məlumatları şayiə hesab edirdi, çünki nə Nazirlər Kabinetində işlədiyi müddətdə, nə də sonralar ona bu məlumatı hansısa dərəcədə təsdiqləyəcək heç bir rəsmi sənəd təqdim edilməyib.
2021-ci ilin mayında “Kommersant”a müsahibəsində Çubays demişdi ki, Rusiyada “belə yoldaşların müəyyən edilməsi, aşkarlanması və onlar haqqında qərarların qəbulu ilə məşğul olan” strukturlar var. “Ona görə də mən soruşmaq istərdim ki, onlar nə ilə məşğul idilər? 1992-ci, 1993-cü illərdə bizim xüsusi xidmət orqanları nə işlə məşğul olublar? Onların sualı. Uğursuz oldu?” – deyə o sual etmişdi. Çubaysın dediyinə görə, o, “günahkarı tapa və sərt şəkildə cəzalandırardı”.