Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ukraynada mühakimə olunmaqdan qurtulmaq üçün Rusiyada gizlənə bilər.
Teleqraf.com xəbər verir ki, bu iddia Ukrayna parlamentinin deputatı Renat Kuzminin açıqlamasında yer alıb.
Bundan əvvəl Ukrayna Dövlət Təhqiqatlar Bürosu keçmiş ölkə başçısından Donbasdan kömür alınması ilə bağlı sənədləri tələb edib. O, hüquq-mühafizə orqanlarının bu tələbindən yayınıb.
Bundan sonra Poroşenkonun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyasının mətbuat xidməti eks-prezidentin Ukraynanı tərk edərək əvvəlcədən Türkiyə və Polşaya planlaşdırılan diplomatik səfərə getdiyini bildirib.
“Poroşenko, deyəsən, dediklərimi eşidib və sürətlə hava limanına qaçıb. Kiyev-İstanbul reysinə... Oradan Moskvaya?”, - Kuzmin söyləyib.
O, bundan əvvəl də Ukraynanın keçmiş liderini ciddi problemlərə hazırlaşmağa çağırıb. Kuzminin fikrincə, Ukrayna hakimiyyəti Poroşenkoya cinayət işi aça bilər.