Qırğızıstanın eks-prezidenti Əsgər Akayev Bişkekdən Moskvaya uçub, istintaqın ona artıq sualı yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Novosti” agentliyi məlumat yayıb.
“Əsgər Akayev Moskvaya uçub. İstintaqın artıq ona “Kumtor”la bağlı sualı yoxdur. Onun oradan pul mənimsəmədiyi müəyyən edilib”, - məlumatda qeyd olunub.
Akayev dekabrın 14-də oğlu İlimlə Qırğızıstana getmişdi. Bu, sabiq dövlət başçısının bu il Qırğızıstana ikinci səfəridir. Avqustun əvvəlində, 16 il Moskvada qaldıqdan sonra, o, “Kumtor” işi üzrə ifadə vermək üçün vətəninə uçmuşdu.
Qırğızıstan Kanadanın “Centerra Gold Inc.” şirkətinə qarşı maliyyə iddiaları qaldırıb. “Kumtor” mədəninin işlənməsi zamanı ekoloji pozuntular və vergidən yayınmaya görə Qırğızıstana 4.2 milyard dollar zərər verildiyi iddia edilir. Qırğızıstan tərəfinin fikrincə, şirkət respublikanın ekologiyasına xeyli ziyan vurub, o cümlədən yatağın yaxınlığında buzlaqların əriməsi təhlükəsi yaradıb və bu, insan tələfatı təhlükəsi yaradıb.
Bir sıra deputatlar, eləcə də bəzi yüksək rütbəli məmurlar, o cümlədən keçmiş baş nazirlər Omurbek Babanov, Temir Sariyev, Comart Otorbayev və Akayev “Kumtor” işi üzrə dindirilib. Respublikanın digər keçmiş lideri Kurmanbek Bakiyev beynəlxalq axtarışa verilib.