21 Dekabr 2021 12:26
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ administrasiyası Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair Vyanada İranla danışıqların uğursuzluğa düçar olacağına inanmır, amma Amerika və İsrail İran hakimiyyətinə atom silahı hazırlamağa imkan verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi “Amerikanın səsi” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu həftə İsrail Baş naziri Naftali Bennetlə İranın nüvə proqramını müzakirə etmək üçün Təl-Əvivə səfər edəcək.

Sallivan ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq İdarəsinin rəisi Brett Makqurk və digər Amerika rəsmiləri ilə birlikdə Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla da görüşəcək.

Vyanada İranla 2015-ci il nüvə sazişinin bərpasına yönəlmiş danışıqlar ləng getdiyi üçün səfərdə İran təhdidi əsas müzakirə mövzusu olacaq.

Adının açıqlanmasını istəməyən rəsmi şəxs bildirib ki, ABŞ və İsrail rəsmiləri qarşıdakı həftələrdə İranla bağlı görüş keçirəcəklər.

“Biz İranın nüvə proqramı ilə bağlı mövcud durumu qiymətləndirəcəyik. Bu, vaxtımızın az olduğunu bir daha vurğulamaq üçün yaxşı fürsət olacaq”, - mənbə bildirib.

ABŞ hökuməti hesab edir ki, İranın zənginləşdirdiyi uranın həcmi təhlükəli, yəni nüvə başlığı hazırlamaq həddinə çatıb. Bayden administrasiyasının rəsmisi bildirib ki, ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə bağlı yekdil fikirdədir.

İran və dünya gücləri arasında danışıqlar gələn həftəyə qədər dayandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər