Rəsmi Ankara Ukrayna ətrafında vəziyyətlə bağlı Rusiya və NATO arasında konstruktiv dialoqun tərəfdarıdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Türkiyə tərəflər arasında müharibə ehtimalı barədə danışmaq belə istəmir. O, vəziyyəti gərgin olaraq qiymətləndirib və danışıqların bunun həllinə kömək edəcəyinə ümid etdiyini bildirib.
“NATO Rusiyaya güvənmir, Rusiya isə NATO-nun onu mühasirəyə almaq istədiyini düşünür, tərəflər arasında gərginlik var”, - Çavuşoğlu qeyd edib.
Türkiyənin baş diplomatının sözlərinə görə, Ankara Moskva ilə Şimali Atlantika Alyansı arasında qarşılıqlı əlaqələrin nizamlanmasına töhfə verməyə çalışacaq. O qeyd edib ki, Rusiya-Türkiyə münasibətləri yaxşı səviyyədədir, amma Türkiyə NATO üzvüdür.
“Rusiya Federasiyasının NATO-dan tələb etdiyi təminatlara gəlincə, istənilən təklif qarşılıqlı olmalıdır”, - diplomat vurğulayıb.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiyanın Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri Vaşinqtonda, Kiyevdə və NATO ölkələrinin paytaxtlarında müzakirə edilib. O qeyd edib ki, Moskvanın təklifləri Avropada sülhün bərqərar olması üçündür.