5 Yanvar 2022 11:55
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın aparıcı yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri olan Danimarka Dövlət Serum İnstitutunun baş epidemioloqu Tira Qrov Kraus omikron ştammının pandemiyaya son verdiyini və iki aydan sonra ölkənin normal həyatına qayıdacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, elm adamı son günlər dünyanı ələ keçirən omikrona yoluxma durumunda xəstəxanaya yerləşdirilmə riskinin delta variantında görülənlərin yarısı olduğunu deyib.

Onun sözlərinə görə, COVID-19 Danimarkada iki ay ərzində bitə bilər: “Düşünürəm ki, iki aya nəticələr əldə edəcəyik. Ümid edirəm ki, infeksiya azalmağa başlayacaq və biz normal həyatımıza qayıdacağıq”.

Omikronun pandemiyanın ömrünü uzada biləcəyi qorxusuna baxmayaraq, Kraus əslində bunun pandemiyanın sonunu gətirə biləcəyini iddia edib: “Omikron gələn ay infeksiyanın geniş yayılmasına səbəb olacaq. Amma bu bitdikdə, biz əvvəlkindən daha yaxşı yerdə olacağıq”.

Kraus deyib ki, yüksək yoluxucu omikron ştammı deltadan daha yumşaq görünür və buna görə də ciddi simptomlar olmadan daha çox insana yoluxacaq, nəticədə bu, insanlarda yüksək səviyyədə immuniteti təmin edəcək.

Bununla belə, Kraus qarşıdakı aylarda pandemiyaya qalib gəlmək üçün hələ görüləcək işlərin olduğunu vurğulayıb: “Omikron yanvarın sonunda zirvəyə çatacaq və fevralda səhiyyə sisteminə təzyiqin azaldığını görəcəyik. Ancaq addımları davam etdirməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər