Qazaxıstanda baş verən hadisələr dünyanın gündəmini zəbt edib. Yanacağın artımına qarşı etirazların bütün ölkəyə yayıldığı vaxt baş verənlərlə bağlı Fransa mətbuatından maraqlı şərhlər gəlib.
Teleqraf.com xəbər verir ki, “Le Monde” qəzeti Qazaxıstandakı hadisələrin zamanlamasına diqqət çəkərək, olayların Qazaxıstanın Türkiyə ilə münasibətlərdə irəliləyiş əldə etdiyi vaxtda baş verdiyini vurğulayıb.
“Le Monde” iki ölkə arasındakı strateji yaxınlaşmaya toxunaraq yazıb:
“Qazaxıstan 2021-ci ildə NATO ölkəsi olan Türkiyədən pilotsuz uçan aparatlar və digər silahlar alıb”.
Türkiyənin Türk Dövlətləri Təşkilatını (TDT) inkişaf etdirməyi hədəflədiyi vurğulanaraq, Orta Asiya və Cənubi Qafqazın 5 ölkəsinin yenidən bir araya gətirildiyi vurğulanıb.
Bu ölkələrin Türkiyə ilə dil, din və mədəni yaxınlığı var. Qazaxıstan Prezident Tokayev TDT-nin 2021-ci ilin martında keçirilən sammitində etdiyi çıxışında bunu deyib: “Məqsədimiz türk dünyasını XXI əsrin ən mühüm iqtisadi, mədəni və humanitar bölgələrindən birinə çevirməkdir”.
Qazax politoloq Dossim Satpayev də Türkiyənin bölgədə artan gücünə diqqət çəkib:
“Türkiyə 2020-ci ildə baş verən Qarabağ müharibəsində əsas oyunçu olduğunu göstərdi və indi Türk Dövlətləri Təşkilatı üzvlərinin bununla bağlı güclü arqumentləri var. İndi hər şey iki məsələ ətrafında cərəyan edir: iqtisadiyyat və təhlükəsizlik”.