8 Yanvar 2022 20:22
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq üç gündür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) adı altında, əsasən Rusiyanın hərbi kontingentinin Qazaxıstana yeridilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də KTMT və BMT-nin nizamnamələrinə zidd olması, KTMT-nin Qazaxıstana dəvət edilməsi ilə bağlı həm təşkilatın nizamnaməsindən, həm də Qazaxıstan konstitusiyasından irəli gələn bir sıra prosedur qaydalarının pozulması ilə əlaqədar dünya mediasında ekspertlərin iştirakı ilə müzakirələr aparılır. Fərqli yanaşmalar və istinadlar olsa da, mahiyyət etibarilə Qazaxıstan prezidentinin KTMT-yə ünvanladığı müraciətin beynəlxalq hüquqa zidd olması barədə rəylər üst-üstə düşür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, KTMT-nin hərbi kontingentinin Qazaxıstanda baş verən etirazlara müdaxiləsində bu qurumun nizamnaməsinin bir neçə müddəası pozulub:

“Xatırladım ki, KTMT-nin nizamnaməsinin bütün əsas müddəalarında, o cümlədən sənədin preamblua hissəsində, təşkilatın öz fəaliyyətində ciddi şəkildə BMT nizamnaməsini və BMT Təhlükəsizlik Şurasının qərarlarını əsas götürəcəyi, beynəlxalq hüququn prinsiplərindən çıxış edəcəyi xüsus şəkildə vurğulanır.

Məlum olduğu kimi, Qazaxıstanda baş verənlərlə bağlı BMT Təhlükəsizlik Şurasının hər hansı bir qətnaməsi yoxdur və KTMT Qazaxıstana hərbi kontingent göndərməklə, faktiki olaraq, BMT Təhlükəsizlik Şurasının mövcudluğunu heçə sayıb. Digər tərəfdən, KTMT qoşunlarının Qazaxıstana yeridilməsi BMT nizamnaməsinin 51-ci maddəsinin yurisdiksiyası altına düşmür. Çünki Qazaxıstanda baş verən qarşıdurma sosial etiraz dalğasında başlayıb və bu ölkəyə qarşı xaricdən təcavüz edilməyib. Belə olduğu təqdirdə, şübhəsiz ki, kollektiv müdafiə hüququndan da danışmaq mümkün deyil.

KTMT qoşunlarınnın Qazaxıstana yeridilməsi təşkilatın nizamnaməsinin 3-cü müddəası ilə də ziddiyyət təşkil edir. Sözügedən müddəada qeyd olunur ki, təşkilatın məqsədi sülhün, beynəlxalq, eləcə də regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlərin kollektiv əsaslarla müstəqilliklərinin, ərazi bütövlüyü və suverenliklərinin qorunmasıdır. Həmçinin bildirilir ki, bütün bunların əldə olunmasında üzv dövlətlər siyasi həll vasitələrinə üstünlük verirlər. Bəlli olduğu kimi, üzv dövlətlərin rəhbərləri yaranmış vəziyyətdən çıxmaq üçün heç bir siyasi həll variantı ilə çıxış etməyiblər.

KTMT nizamnaməsinin 5-ci maddəsində qeyd olunur ki, təşkilat müstəqilliyə istisnasız hörmət, üzv dövlətlərin hüquq və öhdəliklərinin bərabərliyi, üzv dövlətlərin milli yurisdiksiyasının altına düşən işlərə müdaxilə etməmək prinsipi əsasında fəaliyyət göstərir. Qazaxıstanda baş verənlər birbaşa bu ölkənin milli yurisdiksiyası altına düşən hadisələrdir və bugünədək bunun əksini sübut edə biləcək heç bir fakt tədqim olunmayıb.

KTMT nizamnaməsinin 7-ci müddəasında qeyd olunur ki, təşkilatın məqsədlərinə çatması üçün üzv dövlətlər təhlükəsizliyə, sabitliyə, ərazi bütövlüyünə, suverenliyə və kollektiv müdafiə hüququnun reallaşdırılmasına təhdid yarandıqda təsisatın mövcud kollektiv təhlükəsizlik sistemi çərçivəsində birgə tədbirlər həyata keçirirlər.

Bəlli olduğu kimi, Qazaxıstanda baş verən hadisələr bu dövlətin təhlükəsizliyinə, sabitliyinə, ərazi bütövlüyünə, suverenliyinə və kollektiv müdafiə hüququnun reallaşmasına heç bir ciddi təhdid yaratmayıb. Sabitliyin pozulması məsələsinə gəldikdə isə, düşünürəm ki, Qazaxıstan öz imkanları hesabına nəinki son bir neçə gündə baş verən iğtişaşları, hətta bundan dəfələrlə böyük etirazları yatıra bilərdi. Amma yatırmadı”.

Elçin Mirzəbəyli bildirib ki, Qazaxıstan ordusunun şəxsi heyətinin sayı 80 min nəfərdən çoxdur:

“Bu sıraya 40 minlik Milli Qvardiyanı, 140 minlik Daxili Qoşunları, həmçinin milli təhlükəsizlik qüvvələrinin, mühafizə xidmətinin 30 min nəfərlik heyətini də əlavə etsək, 290 min nəfərlik nəhəng bir qüvvə alınır. Nəzərə almaq lazımdır ki, KTMT ilkin mərhələdə Qazaxıstana 2500 nəfərlik heyətin göndərilməsi barədə qərar qəbul edib və bu sayda hərbçi artıq Qazaxıstandadır.

Belə anlaşılır ki, 290 min nəfərin həll edə bilməyəcəyi problemi 2500 nəfər həll edəcək. Absurddur. Həm də təkcə nümunə gətirdiyim sonuncu fakt yox, bütövlükdə Qazaxıstanda baş verənlər və KTMT ilə bağlı olan faktlar. Sadə məntiq baş verənlərin bəhanədən başqa bir şey olmadığı qənaətini formalaşdırır. Bu “bəhanənin yaradılması” isə o qədər bəsit bir şəkildə icra olunub ki, az qala şok effekti yaradır. Bütün bunlar mənə nə zamansa izlədiyim bir filmin qəhrəmanının sözləri xatırlatdı: “Reallıqla yalan arasındakı fərq ikincisində daha güclü məntiqin olmasındadır. Reallıqda məntiq, mürəkkəb və dərin kombinasiyalar olmur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər