11 Yanvar 2022 17:37
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Rusiya diplomatları arasında İsveçrənin Cenevrə şəhərində “təhlükəsizlik zəmanəti” ilə bağlı müzakirələr ağır gedir. Rusiyanın üç tələbi var: NATO daha genişlənməməlidir və Ukrayna və Gürcüstan təşkilata üzv qəbul olunmamalıdır, ABŞ 1997-ci ildən bu yana NATO-ya üzv qəbul edilən ölkələrdən silahlı qüvvələrini və hərbi texnikasını çıxartmalıdır, başqa sözlə bu ölkələrdə Amerikanın hərbi bazaları ləğv olunmalıdır, ABŞ Avropa ölkələrində Rusyanı hədəf ala biləcək raket sistemlərini yerləşdirmək siyasətindən əl çəkməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın bu tələbləri faktiki ABŞ və Avropaya ultimatumdur:

“Rusiya üç ağır tələbin qarşılığında yalnız Ukrayana hücum etməyəcəyi təminatı verməyə hazırdır. Rusiya 1994-cü ildə Budapeştdə Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək addım atmayacağına dair sazişi imzalamışdı. Kreml həmin sazişi Krımı ilhaq etməklə və Donbasda separatizmə dəstək verməklə zibil yeşiyinə atdı. Bundan sonra kim zəmanət verər ki, Moskva Ukrayna ilə bağlı yeni sazişə də riayət edəcək?

Vaşinqton Moskvanın üç tələbindən birinci ikisini bəri başdan rədd edib. Vaşinqtonun Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbul olunmayacağı təminatı verməsi faktiki Kreml qarşısında ağ bayraq qaldırması olar, Ağ Evin heç bir administrasiyasi Rusiya qarşısında zəif görünməmək üçün bu addımı atmaz. Vaşinqton Kremlin “Şərqi Avropadan hərbi bazalarını yığışdır” tələbini də yerinə yetirməz. “Ermənistandakı hərbi bazalarını qapat” – tələbinə Kremlin reaksiyası necə olacaqsa, Vaşinqtonun da “Şərqi Avropadakı hərbi bazalarını qapat” tələbinə reaksiyası eyni olub və olacaq”.

Elxan Şahinoğlu qeyd edib ki, Vaşinqton Kremllə yalnız Avropada uzaq və orta mənzilli raketlərin yerləşdirilməsinin məhdudlaşdırılması mövzusun müzakirə etməyə hazır görünür:

“Bununla belə, Vaşinqton bunun qarşılığında Rusiyanın atacağı addımları özü üçün müəyyənləşdirməlidir. Kremlin isə iştahı artıb və bunu Vaşinqton da müşahidə edir. Rusiyanı dayandırmağın yolu geri addım atmaq deyil, Kremlin artan tələblərinə qarşı müqaviməti gücləndirməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər