Qazaxıstan paytaxtı Nur-Sultanda COVID-19 infeksiyası geniş yayılıb, omirkon ştamı qeydə alınıb.
Teleqraf.com Qazaxıstanın nur.kz saytına istinadla xəbər verir ki, bu barədə ölkə səhiyyə xidmətinin rəsmisi Petr Karandaşov və Sərhət Baysenova paytaxtda keçirdiyi mətbuat konfransında bildiriblər.
Paytaxtın baş sanitar həkimi Sərhət Beysenova deyib ki, paytaxtda koronavirusun yeni omikron ştamının yayılması aşkar edilib: “COVID-19 üçün əlverişsiz epidemioloji vəziyyət şəhər sakinlərinin maska taxmaq rejiminə, sosial məsafəyə riayət etməməsi, peyvəndlərə etinasızlıq göstərməsi ilə bağlıdır ki, bu da şəhərdə daha yoluxucu omikron ştamının sürətlə yayılmasına səbəb olur”.
O əlavə edib ki, bu vəziyyət şəhərdə məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsini tələb edir: “Bu gündən paytaxtda “qırmızı” zona elan olunur, məhdudlaşdırıcı tədbirlər həyata keçiriləcək”.
Məlumatda qeyd edilib ki, həm açıq havada, həm də qapalı yerlərdə kütləvi tədbirlərin, o cümlədən ailəvi, anım tədbirlərinin keçirilməsi qadağan olunur.
Bildirilir ki, konsert salonlarının, filarmoniyaların, teatrların, sirklərin və kinoteatrların fəaliyyəti, dini obyektlərdə kollektiv tədbirlərin keçirilməsi məhdudlaşdırılır. Bu sıraya konfransların, seminarların, sərgilərin, forumların keçirilməsi, gecə klublarının fəaliyyəti, iaşə obyektləri də aid olunur. Həmçinin iaşə obyektlərində bir masa arxasında oturanların sayının 4 nəfərə endirilməsi təklif edilir. Təhsilin onlayn formaya keçirilməsi də mümkün tədbirlər sırasındadır.
Qeyd edək ki, son sutkada Qazaxıstanda 4810 nəfərdə yoluxma qeydə alındığı, bunun 3312 nəfərinin paytaxtın payına düşdüyü bildirilib.