24 Yanvar 2022 17:02
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika ölkəsi Burkina-Fasoda iğtişaş törədən bir qrup hərbçi prezident Roç Kaborenini həbs edib.

Teleqraf.com xəbər verir ki, “Röyter” agentliyinə danışan hadisə şahidləri dünən axşam prezident sarayının ətrafında şiddətli toqquşmaların baş verdiyini bildirib.

Qeyd edək ki, dünən gecə də dövlət başçısının iqamətgahı yaxınlığında silah səsləri eşidilib. Amma hökumət dövlət çevrilişi iddialarını rədd edib. Dövlət başçısının həbs edildiyi haqda iddialar da təsdiq edilməmişdi.

“Röyter” ayağa qalxan hərbçilərin prezidenti həbs etdiyini, dövlət televiziyasına nəzarəti ələ keçirdiyini bildirir. Hökumətin çölə çıxmamaq qərarına baxmayaraq yüzlərcə insanın ixtişaşlar törədən hərbçilərə dəstək verdiyi, iqtidar partiyasının qərargahının yandırıldığı qeyd olunur.

Qeyd edilir ki, hərbçilər bir müddətdir ki, ordunun yüksək çinli komandanlarının işdən çıxarılmasını və islamçı terrorçulara qarşı mübarizəyə daha çox maliyyə ayrılmasını tələb edirlər. Ölkədə İŞİD və Əl-Qaida ilə əlaqəli şəbəkələrin çoxlu sayda əsgər və mülki insanı öldürməsi hökumətə qarşı daxili etirazları artırmışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər