27 Yanvar 2022 13:18
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib, Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın bu iki seçimdən başqa orta yolunun olmadığını bildirib:

“ABŞ və NATO Kremlə onun aylardır tələb etdiyi yazılı cavabı göndərib. Cavabın mahiyyəti budur: ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var, Şimali Atlantika Blokunun qapıları açıqdır; ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək; ABŞ və NATO Rusiya ilə silahlara nəzarət, şəffaflıq və risklərin azalması mövzularını müzakirə etməyə hazırdır.

Beləliklə, ABŞ və NATO Rusiyanın üç tələbindən ikisini rədd edib. Aydındır ki, bu cavab Kremli qane etməyəcək. “Silahlara nəzarət, şəffaflıq və risklərin azaldılması” amorf mövzulardır və Kremli maraqlandırmır. Çünki Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, Vaşinqton verdiyi vədi yerinə yetirmir.

Kreml Vaşinqton və Brüsselə üç tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib. İndi tam tərsidir, Vaşinqton və Brüssel tələblərə yazılı cavab göndərməklə topu Kremlə atıb. Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib, Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. Orta yol yoxdur”.

Elxan Şahinoğlu Amerikanın Rusiyanın ata biləcəyi addımlara qarşı hazırlığa başladığını söyləyib:

“Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, hansı alternativlər reallaşdırılmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər