Qırğızıstan Tacikistanla sərhəddəki münaqişə zonasından 11 mindən çox insanı təxliyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Batken rayonundan 11 052 vətəndaş təxliyə edilib. Onlardan 10 410 nəfər təhlükəsiz ərazilərə, 642 nəfər isə müvəqqəti məskunlaşma məntəqələrinə köçürülüb.
Gecə saatlarında Qırğızıstanın Sərhəd Xidməti Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışmanın başladığını açıqlayıb. Məlumata görə, Tacikistan tərəfi qumbaraatanlardan və minaatanlardan istifadə edib. Münaqişəyə səbəb Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən avtomobil yolunun tacik hərbçiləri tərəfindən bağlanması olub. Toqquşmalar bir neçə saat davam edib. Gecə saatlarında iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra atəşkəs əldə olunub.
Qırğızıstan və Tacikistan sərhədi vaxtaşırı yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında mübahisəli ərazilərdir.