Rusiya-Belarus birgə hərbi təlimləri Belarus və Rusiyanın daxili işidir və üçüncü ölkələr üçün təhlükə yaratmır.
Teleqraf.com xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.
“Belarus və Rusiya ərazisində başlayacaq təlimlər sırf müdafiə xarakteri daşıyır. Bu, öz ərazisində bu təlimi keçirən Belarus və Rusiyanın daxili işidir”, - Zas bildirib.
O, eyni zamanda qeyd edib ki, Qərb ölkələrinin ehtiyatlılığını və qorxusunu da nəzərə almaq lazımdır. Onun fikrincə, təlimlərlə bağlı şəffaflıq Qərbdən etimadın artmasına kömək edəcək.
“Rusiyanın Ukraynaya qarşı aqressiv niyyətləri ilə bağlı qorxular tamamilə əsassızdır. Heç kim müharibə istəmir. Nə Rusiya, nə də regionun digər ölkələri bunu istəyir. Bizə bu lazım deyil. Təbii ki, təxribat riskləri çox yüksəkdir. Bu da nəzərə alınmalı və bundan çəkinilməlidir”, - KTMT baş katibi vurğulayıb.
Təlimlər Fevralın 10-dan 20-dək Belarusda keçiriləcək.