Almaniyanın radio və televiziya yayımı üzrə tənzimləyici orqanı Rusiyanın “Russia Today” (RT) xəbər kanalının ölkələrində yayımını qadağan edib. Qurum buna səbəb kimi RT DE-nin yayım lisenziyasının olmamasını göstərib.
Teleqraf.com xəbər verir ki, “Russia Today” (RT) yayımın dayandırılmasının qanunsuz olduğunu bildirərək, Almaniya ilə Rusiya arasında diplomatik münasibətlərin gərginləşdiyi bir vaxtda Berlində siyasi təzyiq göstərmək üçün bu qərarın verildiyini iddia edib.
Moskvada yerləşən televiziya kanalı kabel və peyk yayımları üçün Serbiya lisenziyasından istifadə edirdi. RT iddia edir ki, bu lisenziya Almaniyada yayıma imkan verir. Bununla belə, Almaniyanın yayım tənzimləyicisi kanalın Berlində yerləşdiyini və Avropa qanunlarına əsasən qanuni icazəyə malik olmadığını bildirib.
2005-ci ildə fəaliyyətə başlayan Russia Today öz nəşrlərini və internet saytını ingilis, ərəb, fransız və ispan dillərində genişləndirdi. Ötən il dekabrın ortalarında alman dilində yayıma başlayan RT DE-nin yayımları Almaniya hakimiyyətinin tələbi ilə 22 dekabr 2021-ci il tarixində Avropa peyk şəbəkəsində bloklanıb. Bununla belə, yayımlara internet və mobil proqramlar vasitəsilə daxil olmaq mümkün idi.
Rusiyanın dövlət televiziyası olan RT qərb ölkələri tərəfindən Kreml yönümlü təbliğat aparmaqda və dezinformasiya yaymaqda ittiham olunur. Məsələn, ABŞ bir çox ölkədə mübahisəli yayım məzmununa görə kanalın “xarici lobbi” kimi qeydiyyatdan keçməsini istəyir, İngiltərə isə onun yayım lisenziyasını ləğv etməklə hədələyir.
Kanalın yayımı bir çox ölkələrdə, o cümlədən keçmiş sovet respublikaları Litva və Latviyada qadağandır.