Türkiyə Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, Krımın qeyri-qanuni ilhaqını tanımır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ankara ilə Kiyev arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə yaydığı bəyanatda deyilir.
“Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Krımın qanunsuz ilhaqını tanımır və Donbas məsələsinin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kiyevə səfər edəcək.
Onu da bildirək ki, 2021-ci ilin avqustunda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya Türkiyənin Krımla bağlı mövqeyini qəbul etmir” demişdi.
O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Krım platforması”nda iştirakını və Krımın Ukraynaya qaytarılmasında forumun rolu ilə bağlı fikirlərini şərh etmişdi.
“Biz türkiyəli tərəfdaşlarımızın bu mövqeyini qəbul etmirik, bunu tamamilə yanlış hesab edirik və türk tərəfdaşlarımıza, eləcə də digər ölkələrə Rusiyanın regionundakı real vəziyyəti daha da izah etməyə hazırıq”, - Peskov bildirmişdi.