8 Fevral 2022 16:09
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna böhranında müharibənin olub-olmayacağı məlum deyil. Amma bu böhran ilginc nəticələr verir. Ukrayna-Rusiya məsələsi Avropanı böldü”.

Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.

Onun sözlərinə görə, anqlo-sakson ittifaqı ilə Almaniya və Fransanın rəhbərlik etdiyi Avropa ölkələri arasında qütbləşmə getdikcə dərinləşir:

“Ötən həftə Ukrayna parlamentində Rusiya-Ukrayna böhranında Ukraynanın tərəfində olan ölkələrin bayraqları asılıb. Almaniya, Fransa, İtaliya və Macarıstanın bayraqları yox idi. Almaniya və Fransa ABŞ kimi Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsələr də, Moskvanın nöqteyi-nəzəri ilə bağlı Avropada ciddi fikir ayrılığı var.

Almaniya və Fransa bu böhranda Birləşmiş Krallıq və ABŞ kimi sərt ritorikaya meylli deyil. Ukraynaya hərbi dəstək vermirlər. Almaniya Ukraynanın istədiyi silahları satmadı və satmayacağını açıqladı. Berlinin Ukraynaya dəstəyi dəbilqə verməklə məhdudlaşıb”.

Taha Dağlı hesab edir ki, bu ölkələrin Rusiya ilə üz-üzə gəlmək istəməməsinin iki mühüm səbəbi var:

“Bunlardan biri Rusiyadan enerji asılılığıdır. ABŞ alternativ təklif etsə də, bu, Avropa üçün kifayət deyil.

Digər səbəb isə mümkün qaçqın axınıdır. Rusiya, əslində, son aylarda Belarus-Polşa sərhədində qaçqın böhranını qızışdırmaqla Avropaya harada dayanmalı olduğunu göstərdi. Ukraynada ABŞ və Böyük Britaniyanın təhrik etdiyi münaqişənin ortaya çıxması o deməkdir ki, on minlərlə sığınacaq axtaran şəxs Avropanın qapısında dayanır, Avropa İttifaqı isə heç vaxt belə bir yüklə üzləşmək istəməz.

Beləliklə, Ukrayna-Rusiya böhranı anqlo-sakson ölkələri ilə Avropa arasında qütbləşməyə səbəb oldu. ABŞ, İngiltərə, Kanada, Avstraliya kimi ölkələr Rusiyaya qarşı kifayət qədər sərtdir. Avropanın dominant dövlətləri olan Almaniya və Fransa isə diplomatiyaya üstünlük verirlər. Bu ölkələrə İtaliya və Macarıstanı da əlavə edə bilərik. Avropanın qalan hissəsində, xüsusən Skandinaviya və Baltikyanı ölkələrində münasibət ABŞ-İngiltərənin xeyrinədir. Bu ölkələrin Rusiyanın varlığını təhlükə kimi görmələri həm də Rusiyaya qarşı hərbi tədbirlər görməyə zəmin yaradır”.

Ekspert bildirib ki, anqlo-sakson ittifaqı ilə Almaniya və Fransa arasındakı qütbləşmə bu günün məsələsi deyil. 2003-cü ildə İraqın işğalı zamanı da oxşar fikir ayrılığı olub. ABŞ və İngiltərə israrla işğalı müdafiə edərkən, Almaniya və Fransa bitərəf qalmışdı.

Dağlı ötən aylarda yaşanan Fransanın da içində olduğu AUKUS gərginliyinin də burada təsirli və yaranmış çatın nə qədər böyüyə biləcəyinin göstəricisi olduğunu bildirib:

“AUKUS böhranını da unutmamalıyıq. ABŞ və Britaniya Fransa və Avstraliya arasındakı nüvə sualtı qayıq layihəsini ləğv etdi. Avstraliya layihəni Fransadan alıb ingilislərə verdi. Nəticədə Fransa təqribən 90 milyard dollar itki ilə üzləşdi və ABŞ-la ciddi gərginlik yaşadı. Deyə bilərik ki, AUKUS böhranı əslində bu gün Rusiyaya qarşı münasibətdə Qərb ölkələri arasında fikir ayrılığının əsasını təşkil edir.

Almaniya və Fransanın ABŞ və İngiltərədən getdikcə uzaqlaşması ortamüddətli perspektivdə Avropa İttifaqı və NATO-da qırılmalar yarada bilər. Yəni Rusiya-Ukrayna gərginliyi qarşıdurma ilə bitməsə belə, bir müddət Qərb dünyasında yaranan çatın daha da böyüyəcəyi görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər