Rusiya hakimiyyəti hər fürsətdə Ukraynaya təcavüz etmək fikrində olmadığını bildirsə də, hərbi fəaliyyətin davam etdirilməsi narahatlıq doğurur. Bu prosesdə hər iki tərəfin liderlərinin gedişatı çox diqqətlə izləməsi əməliyyatların başlaya biləcəyinə işarə edir.
Teleqraf.com xəbər verir ki, Rusiya ilə Ukrayna arasında yaşanan gərginlikdən sonra dünya sanki nəfəsini tutub.
Başda Türkiyə olmaqla, bir çox ölkə diplomatik təşəbbüslərlə gərginliyi azaltmağa çalışır.
Digər tərəfdən, Rusiya Ukrayna ilə sərhədə ordu yerləşdirməkdə davam edir. Kreml administrasiyası bunun hər fürsətdə işğala hazırlıq olduğu iddiasını rədd etsə də, beynəlxalq səviyyədə narahatlıqlar davam edir. Analitiklər artıq Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə gedişi müəyyən edəcək amilləri dəyərləndirirlər.
Bu amillərdən biri də hava şəraitidir. Tarixdə bir çox qələbə və ya məğlubiyyətləri şərtləndirən və bir çox komandirlərin taleyini dəyişdirən hava şəraiti hələ XXI əsrdə də mühüm amildir. Ukrayna və Rusiya ordularının komandirlərini düşündürən ümumi sual budur: “Rasputirsa-ərimə -bahar bu il tez gəlirmi?”
“Rasputitsa” rus sözüdür-ümumilikdə yaz və payız ayları üçün işlədilir. Bu dövrlərdə qarın əriməsi və yağan yağışlar nəticəsində asfaltsız yollar palçıq altında qalır və maşınların gedişi çox çətinləşir. Lakin bu il Ukraynada havanın temperaturu normadan xeyli yüksəkdir.
Normalda Ukraynada hava qış aylarında qəfil dəyişikliklər göstərə bilər. Bununla belə yerli meteoroloji mənbələrə görə, fevralın qalan günləri paytaxt Kiyev və onun ətrafında hava həmişəkindən daha mülayim keçəcək. Gündüzlər 0 dərəcəni keçəcək, hətta günəşli günlər də zaman-zaman yaşanacaq.
Hərbi analitiklər hazırda mülayim hava şəraitinin Rusiyanın mümkün işğal planına təsir edib-etməyəcəyini qiymətləndirirlər. Rusiya-Ukrayna sərhədində 100 mindən çox rus əsgəri və ağır silahlar, tanklar və ballistik raketlər yığılıb. Rus əsgərlərinin yerləşdirildiyi müxtəlif nöqtələrdə çəkilən və sosial mediada paylaşılan videolarda yerin yumşaqlığı, böyük gölməçələr və çoxlu palçıq diqqət çəkir.
CNN İnternationalın Avropa Birliyinin yer araşdırması proqramı olan “Kopernik”dən əldə etdiyi məlumatlara görə, Şərqi Avropanın əhəmiyyətli bir hissəsində yanvar ayında orta göstəricilərdən xeyli yuxarı temperatur müşahidə olunub. Ukraynada havanın temperaturu son 30 ilin orta göstəricisindən 1-3 dərəcə yüksək olub. Bu vəziyyət bölgədəki iqlim böhranının təsirləri arasında hesab olunur.
“Kopernik”in məlumatına görə, yanvar ayında Şərqi Avropada hava da orta göstəricidən daha rütubətli olub, Ukrayna torpağına da həmişəkindən çox yağıntı düşüb. Nəticədə şaxta azalıb, palçıq çoxalıb. Kiyevdəki Ukrayna Hidrometeorologiya İnstitutunun Tətbiqi Klimatologiya Laboratoriyasının direktoru Svitlana Krakovskanın sözlərinə görə, bu heç də təəccüblü deyil.
Krakovska CNN İnternationala deyib: “Uzun müddətdə səthin qarla örtüldüyü və şaxtanın olduğu günlərdə azalma müşahidə edirik. Buradakı istiləşmə qlobal ortalamalardan çox yüksəkdir”.
Keçən il çox səs-küy yaradan Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin də müəlliflərindən biri olan Krakovska, Ukraynada qış şəraitinin dəyişməsi ilə iqlim dəyişikliyi arasında çox aydın əlaqə olduğunu söyləyib. Bu vəziyyəti xüsusilə Ukraynanın şərqində çox aydın şəkildə müşahidə etmək olar. Hazırda bölgədə qış fəsli üçün ümumi temperatur 1960-cı illərin orta göstəricisindən 3 dərəcə yüksəkdir.
Havanın temperaturunun düzəlməsinin Rusiyaya xeyir verəcəyi ilə bağlı fikirlər Vaşinqtonda da üstünlük təşkil edir. ABŞ prezidenti Co Bayden keçən ay keçirdiyi mətbuat konfransında demişdi ki, Putin sərhədi keçməzdən əvvəl bir qədər torpağın donmasını gözləməli olacaq. Yanvarın sonunda ABŞ Baş Qərargah rəisi general Mark Milley Pentaqonda keçirdiyi brifinqdə bildirib ki, Ukrayna torpaqlarının dondurulması sərhədi keçmək və təkərli nəqliyyat vasitələrinin manevrləri üçün optimal şərait yaradıb. ABŞ rəsmilərinin fikrincə, Putinin ağlında işğal ideyası varsa, onu martın sonuna qədər həyata keçirməlidir.
Keçmişdə Pentaqonda Rusiya eksperti kimi çalışan Massikot Rusiyanın son 10 ildə ölkənin hərbi gücünün artmasına diqqət çəkib. Rus hava qüvvələrinin hədəf və ünsiyyət baxımından çox irəlilədiyini, bir çox pilotun Suriyada döyüş təcrübəsi qazandığını xatırladan analitik deyib ki, rus əsgərləri ilboyu təlimlər keçirir, bu səbəbdən fərqli hava şəraitinə qarşı təcrübəli olurlar.
Ukrayna sərhədində gözləyən yüzlərlə rus tankı üçün torpağın donmaması hərəkəti ləngidən, amma dayandırmayan amildir. Lakin zirehli texnikanın təkbaşına hərəkət etməsinin o qədər də mənası yoxdur. Digər nəqliyyat vasitələri hələ də pis hava şəraitindən təsirlənmək potensialına malikdir. Amma Rusiyanın üzən ponton körpülərin də yanvarın sonundan Belarus ərazisindən konvoylarla hərəkət etdiyi görülüb.
Amma yer şəraiti bütün Ukraynada eyni cür deyil. Ölkənin şərq hissəsi əsasən əkinçilikdən ibarətdir. Lakin Belarusla həmsərhəd olan şimal bölgələri minlərlə kvadrat kilometr bataqlıqlarla örtülüb. Bu bataqlıqlar 1941-ci ildə Barbarossa əməliyyatı zamanı nasistləri dayandırdıqları kimi, digər orduların da Ukraynaya hücumunu dayandıra bilər.
Müharibə Tədqiqatları İnstitutunun məlumatına görə, bataqlıqlar bəzi yerlərdə hətta yağıntılar zamanı mexanikləşdirilmiş qüvvələrin keçidinə tamamilə maneə törədə bilər. Hər şeydən əvvəl Rusiyanın təşkil edəcəyi mümkün əməliyyatın metodu və miqyası önəmlidir. Münaqişənin ilkin mərhələlərində çox güman ki, mexanikləşdirilmiş birləşmələr deyil, hava və raket zərbələri ön plana çıxacaq.
“Hava Rusiyanın idarə olunan və ballistik raketləri, hətta bəzi, daha dəqiq uzaqmənzilli ağır silah sistemləri üçün faktor olmayacaq. Buludlanma hərbi qurğular və ya koordinatların məlum olduğu sabit nöqtələr üçün komanda və idarəetmə çətinlikləri yaratmır”,- Massikot bildirib.
Rusiya lideri Putin keçmişdə qlobal istiləşmə ilə bağlı tərəddüdlü açıqlamaları ilə yadda qalıb. Məsələn, onun 2003-cü ildə dediyi “İqlim dəyişikliyi bizim kimi soyuq bir ölkədə o qədər də pis bir şey olmaya bilər. 2-3 dərəcə istinin zərəri olmaz” sözləri hələ də yaddadır. Bununla belə, o, son illərdə Rusiyada iqlim dəyişikliyinin ətraf mühitə vurduğu ziyanı da dilə gətirir. İndi bu vəziyyət, deyəsən, Rusiya ordusunun generallarının hesablamalarını dəyişdirir.
Ötən ay Rusiya çox sayda “İsgəndər” ballistik raketlərini Ukraynaya yaxın bölgələrə ötürüb. Bu raketlərin uçuş məsafəsi təxminən 450 kilometrdir. Onun Ukraynanın şərq sərhədindəki mövqelərə çatması sabit hal sayılır. Raketlər və uzaqmənzilli artilleriya havadan asılı olmayaraq bu mövqeləri vura bilər. Bu da öz növbəsində Rusiya zirehli texnikası üçün tranzit məntəqəsi aça bilər. Hücum təyyarələri isə hərəkətdə olan Ukrayna qüvvələrini vurmaq üçün nisbətən təmiz havaya ehtiyac duyacaq. Eyni şey bölgəyə enəcək əsgərləri daşıyacaq təyyarələr üçün də keçərlidir. Digər tərəfdən, bulud səviyyəsinin yerə yaxın olması təkcə hava əməliyyatlarına deyil, həm də peyk rabitəsinə təsir etmək potensialına malikdir. Hərbi analitik CNN-ə deyib ki, bu, Rusiyanın havada aşkar üstünlüyünü sarsıdacaq və daha ədalətli mübarizə üçün zəmin yaradacaq.
Ancaq buludlu hava Rusiya üçün həm üstünlük, həm də mənfi cəhət ola bilər. Qapalı havadan istifadə edən rus əsgərləri Ukrayna təyyarələrinə yaxalanmadan irəliləyə bilirlər. Rusiya Ukraynanı işğal etsə, Kremlin pis havada başlayan əməliyyatı açıq havada davam etdirməsi ideal olardı. Təbii ki, hava təkcə Rusiyaya aid deyil. O, həm də Ukrayna ilə bağlı strategiyanın müəyyən edilməsində mühüm rol oynayır. Ukrayna ordusu yüksək manevrli müdafiəni seçərsə, ABŞ və NATO-nun hava kəşfiyyatı Rusiyanın irəliləyişini dayandırmaq üçün məhdud resurslara diqqət yetirməli ola bilər. Təbii ki, hava şəraiti Kremlin hesab etdiyi yeganə və ya ən vacib məqam deyil. Rusiyanın ABŞ və NATO-ya müraciətləri ilə bağlı danışıqların nəticələri Kremlin qərarında əsas müəyyənedici amil olacaq. Rusiya ictimaiyyətinin müharibəyə baxışının formalaşdırılması da Kremlin strategiyasının mühüm sütunlarından biridir.