“Əvvəlcə Fransa, sonra İngiltərə Ukrayna böhranının həlli üçün Moskvaya getdi. Putinin Makrona etdiyini Rusiya Xarici işlər naziri Lavrov ingilis həmkarı Liz Trassa etdi”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.
Ekspert Fransa və İngiltərənin Rusiya ilə apardığı danışıqların fiasko ilə nəticələndiyini söyləyib:
“Putin Makronu zərrə qədər vecinə almadı. Rusiya lideri səfərinin əvvəlindən sonuna kimi həm Makrona, həm də bütün Qərb dünyasına bunu hiss etdirdi. Halbuki Fransa Ukrayna böhranında ABŞ və İngiltərə kimi sərt mövqe tutmur.
Fransadan sonra İngiltərə Moskvaya getdi. Liz Trass Lavrovla görüşdü. “Dəmir ledi” ləqəbli keçmiş baş naziri Marqaret Tetçer 1986-cı ildə Qərbi Almaniyada etdiyi kimi, keçən noyabrda Estoniyada NATO təlimi zamanı Trass da Rusiyaya qarşı cəsarətli pozalar vermişdi. Həmin mesajdan sonra ilk üzbəüz görüş fiasko ilə nəticələndi. Lavrov görüşü “kar və lal arasında söhbət” adlandırıb.
Rusiya həm prezident, həm də xarici işlər naziri səviyyəsindəki səfərlərə münasibəti ilə Qərbə nə qədər güvəndiyini göstərdi və Türkiyənin həll yolundakı təsiredici addımlarını ön plana çəkdi. Bəllidir ki, Rusiya Qərbə zərrə qədər də güvənmir. Bunun Fransa və ya İngiltərə olmasının fərqi yoxdur. Nə Putin, nə də digər Rusiya rəsmiləri avropalı həmkarlarını tərəf-müqabili hesab edirlər. Əslində Qərbə Qərbin özü belə güvənmir”.
Taha Dağlı hesab edir ki, Qərb ölkələri təkcə müharibələrdə yox, həm də ən sadə humanitar məsələlərdə belə bir-birini sındırmağa çalışır:
“Pandemiyanın ilk günlərində nə baş verdiyini xatırlayırsınız? Bir maska üçün casusluğu, süni nəfəs aparatları tapa bilməyən İtaliyanın necə taleyin ümidinə buraxıldığını xatırlayın. Fransa və Almaniyanın Rusiya ilə bağlı mövqeyinin ABŞ və İngiltərədən fərqli olmasının səbəbi etibarsızlıqdır. Avropa İttifaqının hazırda içində olduğu qütbləşmənin adı da budur. Nə Rusiya, nə də böhranın mərkəzində olan Ukrayna onlara güvənir. Suriyada, Liviyada, Qafqazda, İraqda, Livanda, Fələstində, Əfqanıstanda, İranla nüvə danışıqları tapmacasında olduğu kimi... Qərbə inam sıfırdır.
Qərb dövlətləri və onların qurduqları beynəlxalq qurumlar bu gün gəlinən nöqtədə böhranları həll edə bilmirlər. Əksinə, böhranı xaosa, vətəndaş müharibələrinə çevirirlər. Sonra da çıxıb gedirlər. Bu coğrafiyalarda Qərbin sabitliyi pozan siyasətini tərsinə çevirməyə çalışan tək bir güc var, o da Türkiyədir”.
Dağlı Türkiyənin prosesdəki roluna da diqqət çəkib:
“Türkiyə onlardan fərqli olaraq, sabitləşdirici gücdür. Xarici siyasətdə Türkiyəni xarakterizə edərkən istifadə ediləcək düzgün anlayış “sabitləşdirici güc”dür. Bu gün Rusiya-Ukrayna böhranında bunu çox aydın görmək olar. Qərb bunun diplomatik həll olduğunu deyir. Rusiyanın cavabı isə “Mən sizə güvənmirəm”dir. Amma hər iki tərəf Türkiyəyə güvənir. Rusiya Türkiyənin vasitəçiliyinə “yaxşı” deyir. Ukrayna dünəndən razıdır. ABŞ və NATO Türkiyəni təbrik edib.
ABŞ 20 illik işğalına son qoyarkən Əfqanıstanda Türkiyəyə olan etibarına ehtiyac duydu. Bu ehtiyac hələ də var, bu gün Əfqanıstanda ən etibarlı aktor Türkiyədir. İraqda, Suriyada, Liviyada da belədir.
Eyni zamanda, İrandan danışırıq, söhbət nüvə danışıqlarının olub-olmayacağından gedir. Amma heç kim bu barədə danışmır. Obamanın imzaladığı, Trampın pozduğu və Baydenin bu gün yenidən masaya gətirdiyi nüvə razılaşmasını 2009-cu ildə İranı qəbul etməyə razı salan güc Türkiyə idi.
Bu gün Ermənistan deyir ki, gəlin tezliklə sülh sazişi bağlayaq və dəhlizləri açaq. Görünən budur ki, Cənubi Qafqaza sabitlik gələcək. Bunu təmin edən güc kim idi?
Əgər İsrail və ya BƏƏ düşmənçiliyi bir kənara qoyaraq Türkiyəyə gəlirsə, bu, Türkiyənin stabilləşdirici gücünün nəticəsidir”.