13 Fevral 2022 17:20
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, “necə edim”, “etməsəm nə olacaq”, “edərsəm hansı təhlükələrlə üzləşəcəyəm” kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ukrayna böhranı ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Qərb liderləri Kreml sahibi Vladimir Putinə qarşı maraqlı taktika seçiblər. Onu “əsəb müharibəsinə” sürükləyirlər. Kəşfiyyat məlumatlarına istinad edən Qərb liderləri Rusiya prezidentinin Ukraynaya hücum əməliyyatına hazırlaşması təlimatını verdiyini özləri üçün müəyyənləşdiriblər. Ancaq Putin hələ hücum əmrini verməyib. Bundan istifadə edən Qərb liderləri hər gün Putinin beynini məşğul edirlər.

Fransa Prezidenti Emmanuel Makron Moskvaya gedir, Putinlə beş saatdan çox müzakirə aparır, Parisə geri qayıdır, yenidən telefonla iki saat danışır. Bunun ardınca ABŞ Prezidenti Co Bayden də Putinə zəng edir və Kreml sahibi ilə bir neçə saat danışır.

Bütün bunlarda iki məqsəd var. Birinci məqsəd, Putinin hücum əmri verəcəyi halda nələrlə üzləşəcəyini ona birbaşa anlatmaq, ikinci məqsəd, mümkün qədər onu geri addım atmağa vadar etməkdir. Putin hələ ki, dirənir. Ancaq üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, “necə edim”, “etməsəm nə olacaq”, “etsəm hansı təhlükələrlə üzləşəcəyəm” kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər