Ukrayna sərhədinin peykdən çəkilmiş yeni fotoları bəzi Rusiya bazalarında dəyişiklik olmadığını göstərib. Belarusdakı təlimlərdə isə çay üzərində qurulan körpü diqqəti çəkib.
Teleqraf.com xatırladır ki, ABŞ Rusiyanın Ukrayna ilə sərhəddən ordusunu tədricən geri çəkməsi ilə bağlı yayılan xəbərləri əsassız sayıb və saxta olduğunu bildirib.
ABŞ-ın texnologiya şirkəti Maxar növbəti dəfə Ukraynanı mühasirəyə alan rus qoşunlarının peyk fotolarını paylaşıb. Çərşənbə axşamı, fevralın 15-i və çərşənbə günü, fevralın 16-da çəkilmiş fotoşəkillər Belarus, Krım və Kurskdakı Rusiya qüvvələrinin yerləşməsini göstərir. Avropadakı yeganə müttəfiqi Belarusa 30 min əsgər, raket və onlarla döyüş təyyarəsi göndərən Rusiya, Ukraynanın paytaxtı Kiyevdən də keçən çay üzərində körpü tikib.
Ukrayna sərhədinə çox yaxın olan Qomeldəki Zyabrovka aviabazasında əsgərlərin getdiyi, lakin yeni hücum helikopterlərinin yerləşdirildiyi görülüb. Fevralın 15-dən etibarən Krımdakı nəhəng Opuk bazasında heç bir dəyişiklik yoxdur, minlərlə rus əsgərinin yerindən tərpənmədiyi qeyd edilib.
Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı Yevpatoriya, Filativka və Novouzernoyedəki digər bazalarda vəziyyət olduğu kimi qalır. Rusiya ordusu çərşənbə günü səhər saatlarında yarımadadan çıxan və Krım körpüsündən Rusiyaya doğru aparılan zirehli texnikanın görüntülərini təqdim edib. Rusiya ərazisindəki Kurskda qar altında olan hərbi bazada da heç bir dəyişiklik müşahidə edilməyib.
Halbuki Rusiya Müdafiə Nazirliyi bu səhər təlimlər başa çatdıqdan sonra qatarlara yüklənən və öz bazalarına qayıtmağa başlayan tankların görüntülərini paylaşıb. Rəsmi açıqlamada tankların minlərlə kilometr uzağa köçürüləcəyi qeyd edilib.
Gecə yarısı açıqlama verən ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Rusiyanın bəzi qoşunlarının Ukrayna ilə sərhəddən çəkildiyinə dair açıqlamalarının yalan olduğunu bildirib.
Adı açıqlanmayan ABŞ rəsmisi deyib ki, Co Bayden administrasiyası Rusiyanın sərhədə 7 minə qədər yeni hərbçi göndərdiyini təsdiqləyib.
Bu gərgin durumda ABŞ helikopterlərinin Ukrayna ilə sərhədə enməsi diqqət çəkib. ABŞ-ın NATO üzvü Polşaya göndərdiyi əlavə əsgərlərin fotoşəkilləri beynəlxalq xəbər agentlikləri tərəfindən çəkilib. Yüzlərlə ABŞ əsgəri Polşaya çatdığı halda, CH-47 “Chinok” helikopterlərinin düşdüyü Rzeszov-Jasionka hava bazası Ukrayna sərhədindən cəmi 72 kilometr aralıdadır.