ABŞ prezident seçkiləri zamanı verdiyi açıqlamalara görə sosial şəbəkə hesabları bloklanan və “qara siyahı”ya salınan Donald Tramp öz sosial şəbəkəsini qurduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp sosial şəbəkə platformasını “Truth Social” adlandırdığını bildirib.
Eks-prezidentin qurduğu ”Truth Social” Amerikada “App Store” tətbiqetməsində ən çox yüklənən pulsuz sosial şəbəkə platforması kimi qeydə alınıb.
“Truth Social”ın üstünlüyündən danışan Tramp tətbiqin hələlik ABŞ-la məhdudlaşacağını, amma yaxın günlərdə dünyanın bütün ölkələrində istifadəyə veriləcəyini açıqlayıb.
Dünya 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində maraqlı hadisələrin şahidi oldu. Demokratların seçkidə saxtakarlığa yol verdiyini iddia edən və fikirlərini Tvitter, Feysbuk və Yutub hesablarında paylaşan Tramp buna görə ölkədə etiraz yaratdı. Trampın paylaşımlarından sonra küçələrə çıxan respublikaçılar 2021-ci il yanvarın 6-da Konqresin binasına basqın etdilər. Qısa müddətdə yatırılan etirazlardan sonra Donald Trampın sosial şəbəkə hesabları həmişəlik bağlandı, aksiyalarda iştirak edən şəxslər isə saxlanıldı.