Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı videomüraciət yayıb.
Teleqraf.com xəbər verir ki, o, rus və Ukrayna dillərində iki cümlə deyib.
“Mən inanmıram ki, bu müharibə sizin adınızadır”, - deyə B.Conson rusca bildirib.
“Dünyanın azad və suveren Ukraynaya ehtiyacı var”, - bunu isə baş nazir Ukrayna dilində deyib.
Boris Consonun sözlərinə görə, hərbi əməliyyat həm Ukrayna, həm də Rusiya üçün faciədir. O, Rusiyanı zəngin tarixə malik böyük ölkə və “qürurlu xalq” hesab edir. “Bizim mədəniyyətimizin formalaşmasında Ukrayna kimi rus şairləri, yazıçıları və rəssamları da iştirak ediblər. Rus əsgərləri bizimlə birlikdə faşizmə qarşı cəsarətlə vuruşublar”, - deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın tam təcrid olunmasına gətirib çıxarıb. Ölkə geniş sanksiyalarla və “mənasız qanlı müharibə” ilə üzləşib.