İsrail Prezidenti İshaq Hersoq türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün sabah Türkiyəyə gələcək.
Teleqraf.com xəbər verir ki, bu, son 15 ildə İsraildən Türkiyəyə prezident səviyyəsində ilk səfər olacaq.
Hersoq Ərdoğanın dəvəti ilə 9-10 mart tarixlərində Türkiyədə olacaq. Hersoq-Ərdoğan görüşündə Türkiyə-İsrail münasibətləri bütün aspektlər üzrə nəzərdən keçiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Danışıqlarda energetika sahəsində əməkdaşlığın da ön plana çıxacağı gözlənilir.
Türkiyə-İsrail münasibətlərində dialoq prosesi Hersoqun seçilməsindən sonra Ərdoğanın təbrik telefon zəngi ilə başlayıb. İki lider arasında telefon diplomatiyası sonrakı dövrdə də davam edib. Ərdoğan və Hersoq fərqli tarixlərdə 3 dəfə telefonda danışıb.
Hersoq 15 il sonra Türkiyəyə səfər edən ilk İsraili prezidenti olacaq. İsraildən Türkiyəyə prezident səviyyəsində sonuncu səfər 2007-ci il noyabrın 12-də Şimon Peres tərəfindən edilib.