“Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Antalyada görüşün keçirilməsi qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın rus həmkarı Vladimir Putinə təklifi və təkidi nəticəsində qəbul edilib”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist Məlik Yiğitəl deyib.
Jurnalist Antalyada keçiriləcək görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunacağını bildirib:
“Diplomatik səylərini davam etdirən Türkiyə sülhə olan ümidi artıran mühüm addımı atdı. Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı və ukraynalı həmkarlarının iştirakı ilə martın 10-da Antalyada üçtərəfli görüş keçirəcəklərini açıqlayıb.
Üçtərəfli görüşün mövzuları Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı zamanı bəlli olub.
Putin Ərdoğanın “İki ölkənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edək” təklifi və təkidinə müsbət yanaşdı. Rusiya lideri daha sonra Lavrova görüşə getməyi tapşırdı.
Görüşdə heç bir mövzu diqqətdən kənarda qalmayacaq - Rusiya və Ukrayna arasındakı bütün problemlər müzakirə olunacaq. Bura Krım və Donbas, xüsusən də Putinin Ukraynanın NATO-ya daxil olacağı və Rusiya üçün təhlükə yaradacağı iddiası da daxildir”.
Yiğitəl həm Rusiya, həm də Ukraynanın vasitəçiliyindən məmnun olduğunu söyləyib. O, bu görüşün müsbət gəlişmələrə yol aça biləcəyini istisna etməyib.