14 Mart 2022 11:29
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri hava məkanını Rusiyaya bağladıqları üçün çoxlu say rus uçuşların hələ də davam etdiyi Türkiyə, Gürcüstan və Cənubi Qafqazın digər ölkələrinə axın edirlər. Rusiyalı iqtisadçının hesablamalarına görə, müharibə başlayandan bəri 200 min Rusiya vətəndaşı öz ölkəsini tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC-nin Gürcüstan ofisi məlumat yayıb.

İşğalın ertəsi günü müharibə əleyhinə aksiyada iştirak etdiyinə görə saxlanılan 23 yaşlı politologiya məzunu Yevgeni Lyamin Gürcüstana gedən ruslardandır.

“Mən başa düşdüm ki, Putin rejiminə qarşı dayanmağın ən yaxşı yolu Rusiyadan getməkdir. Ukraynalılara kömək etmək üçün əlimdən gələni etmək mənim məsuliyyətimdir”, - Lyamin deyir.

Müharibə başlayandan bəri Gürcüstana 25 min rusiyalının gəldiyi təxmin edilir. Paytaxt Tiflisdə münasib qiymətə yaşayış yeri tapmaqda çətinlik çəkən rusları çamadanları və heyvanları ilə şəhərin ortasında görmək mümkündür.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Putin rejimini dəstəkləməsi səbəbindən ölkəsinin sanksiyalara məruz qalması da buradan xaricə axını sürətləndirib. Buna görə də Ermənistanın paytaxtı İrəvan və Türkiyənin İstanbul kimi şəhərlərinə uçuşlar və burada qalmaq ciddi şəkildə baha başa gəlir.

Soyadını açıqlamaq istəməyən Anya “İstanbula birtərəfli uçuşumuz mənə və həyat yoldaşıma birləşmiş aylıq maaşımızdan baha başa gəldi” deyir.

Anyanı Rusiyadan qaçmağa vadar edən yeni tətbiq edilən “vətənə xəyanət” qanunu olub. Həmin qanuna əsasən, Ukraynanı dəstəkləyən hər kəs 20 ilə qədər həbs cəzası ala bilər.

Anya deyir: “Nənəmin Stalinin vaxtında mənə insanların necə qorxmalarından danışdığını xatırlayıram, indi biz də eyni şeyi yaşayırıq”.

Texnologiya sektoru işçilərinin əksəriyyəti daha üstün mövqedədirlər, çünki onlar uzaqdan işləyə bilirlər.

Gürcüstana gələn video oyun tərtibatçısı İqor deyir: “Demək olar ki, mənim kimi olanların hamısı bu qərarı verir”.

O, Gürcüstanda onu yaxşı qarşılamadıqlarını hiss etdiyi üçün tezliklə buradan getməyi planlaşdırır.

Gürcüstanda çox sayda insan evlərini ruslara və belaruslara verməkdən imtina edir.

BBC-yə danışan belaruslu bir cütlük yaşadıqları haqda bunları deyib: “Bir ev sahibi dedi ki, rusları və belarusları qəbul etmirik, dincəlmək üçün vaxtınız yoxdur, korrupsiyalaşmış hökumətlərinizə qarşı ayağa qalxın”.

İqor isə bu deyilənlərə qarşı çıxır: “Onlar elə bilirlər ki, “Apple Pay” işini dayandırdığı üçün Rusiyadan qaçırıq. Amma biz rahatlıq üçün qaçmırıq, çünki artıq hər şeyi itirmişik, sadəcə olaraq qaçqınıq. Putinin geosiyasəti həyatımızı məhv etdi”.

Gürcüstanda keçirilən sorğu nəticəsində məlum olub ki, gürcülərin 87 faizi Rusiyanın Ukraynaya qarşı müharibəsini sanki öz ölkələrinə açılmış kimi görür.

Rusiya 14 il əvvəl Gürcüstan ərazilərini işğal etdiyindən bir çox gürcü rusların ölkələrinə gəlişindən narahatdır. Bəziləri Putinin “xaricdəki rusları qorumaq missiyası” ilə yenidən onlara zərbə vura biləcəyindən ehtiyat edir. Çünki bu, 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsinin işğalı üçün onun əlində bəhanə olmuşdu. Bu gün Gürcüstanın 20 faizi hələ də Rusiyanın işğalı altındadır.

Bununla belə, texnologiya sahibkarı Lev Kalaşnikov Gürcüstanın Rusiyanın müasir tarixindəki ən böyük beyin axınından faydalanacağını düşünür.

Yevgeni Lyamin isə artıq gürcü dilini öyrənməyə başlayıb:

“Putinin, müharibənin əleyhinəyəm. Mən hələ də Rusiya bank hesabımdan pul çıxara bilmirəm, amma bu, ukraynalıların yaşadıqları ilə müqayisədə heç nə deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər